27 oktyabr 2025 17:30
104

İsveçdə özəl peşə məktəblərinin məzunları əmək bazarında sabit mövqe tuta bilmirlər

İsveçin Təhsil Məsələləri üzrə Milli Agentliyinin (Skolverket) yeni tədqiqatı göstərib ki, özəl məktəblərin peşə proqramlarının məzunları təhsillərini başa vurduqdan sonra sabit iş tapmaqda daha az uğur qazanırlar.

“İki sahil” xəbər verir ki, diplom aldıqdan üç il sonra bələdiyyə məktəblərinin məzunlarının 68 faizi, özəl məktəblərin məzunlarının isə cəmi 56 faizi əmək bazarında sabit mövqeyə malik olub.

Tədqiqatın rəhbərlərinin sözlərinə görə, bu fərqin səbəbləri hələ tam aydın deyil. Mümkün izahlardan biri odur ki, özəl məktəblərdə əcnəbi şagirdlərin sayı daha çoxdur və onların iş tapması nisbətən çətindir. Bununla belə, bu amil fərqi tam izah etmir.

“Skolverket” qeyd edir ki, peşə proqramları gəncləri gələcək əmək fəaliyyətinə hazırlamalıdır. Amma nəticələr göstərir ki, özəl məktəblərin məzunları daha çox çətinliklərlə üzləşirlər. Bu fərq xüsusilə sənaye və elektroenergetika proqramlarını bitirənlər arasında nəzərə çarpır, belə ki, bələdiyyə məktəblərində bu göstərici müvafiq olaraq 79 və 76 faiz təşkil etdiyi halda, özəl məktəblərdə 61 və 59 faiz olub.

Daha bir izah ondan ibarətdir ki, özəl məktəblərdə şagirdlər nisbətən az nailiyyətlərlə çox yüksək qiymətlər alırlar. Bu, məzunlara ali məktəblərə daxil olmağa imkan verir, lakin nəticədə onlar təhsillərini davam etdirməkdə çətinlik çəkir və universiteti bitirə bilmirlər.

Tədqiqat, həmçinin göstərib ki, özəl məktəbləri bitirənlərin bir qədər çoxu (11 faiz) təhsillərini ali məktəblərdə davam etdirir, bələdiyyə məktəblərinin məzunları arasında isə bu göstərici 8 faiz təşkil edir.

“Skolverket”in ekspertləri vurğulayırlar ki, işəgötürənlər məktəb diplomlarına etibar edə bilməlidirlər. Lakin mövcud nəticələr göstərir ki, özəl və bələdiyyə məktəblərində tədrisin keyfiyyəti hələ də əhəmiyyətli dərəcədə fərqlənir.