28 oktyabr 2025 15:52
194

“Rəqəmsal kitabxana xidmətləri” mövzusunda təlim təşkil olunub

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma  Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində oktyabrın 27-də Bərdə rayon Mədəniyyət Mərkəzində “Rəqəmsal kitabxana xidmətləri” mövzusunda təlim keçirilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı ilə keçirilən təlimin məqsədi kitabxanaların xidmət sektorunda müasir metodların tətbiqinin sürətləndirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və oxucularla işin düzgün qurulmasıdır.

Bərdə və ətraf rayonlardan kitabxana əməkdaşlarının iştirak etdiyi təlim Azərbaycan Milli Kitabxanası Elektron kitabxana şöbəsinin baş kitabxanaçısı Vüsalə Şükürova tərəfindən aparılıb.

Əvvəlcə çıxış edən Qarabağ Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Əhliyyət Əliyev və MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova rəqəmsallaşmanın müasir kitabxanalar üçün əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu sahədə tətbiq edilən müasir yanaşmalar oxuculara sürətli xidmət göstərilməsi, həmçinin kitabxana resurslarının daha geniş istifadəsinə şərait yaradır.

Təlim zamanı Vüsalə Şükürova Milli Kitabxanada xidmət sahəsində tətbiq olunan yeniliklərdən söz açıb. O, rəqəmsal sistemin üstünlüklərindən danışıb, kitabxanaçıların suallarını cavablandırıb.

İnteraktiv formatda gerçəkləşən təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.