29 oktyabr 2025 15:56
120

Qazaxıstan Prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə görüşüb

Qazaxıstan ABŞ Prezidentinin yürütdüyü xarici və daxili siyasəti dəstəkləyir.

“İki sahil” Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu sözləri ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Serjio Qor və ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşündə bildirib.

Dövlət başçısı ABŞ Prezidentinin sülhün möhkəmləndirilməsinə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Danışıqlar zamanı Vaşinqtonda keçiriləcək C5+1 sammiti kontekstində Qazaxıstan-ABŞ genişləndirilmiş strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə edilib.

Kasım-Jomart Tokayev qarşıdan gələn sammitin uzunmüddətli əməkdaşlıq üçün əsas prioritetləri müəyyənləşdirilməkdə məhsuldar olacağına əminliyini bildirib. O əlavə edib ki, Qazaxıstan ABŞ ilə ticari, iqtisadi və investisiya tərəfdaşlığına əhəmiyyətli təkan verməyə ümid edir.

Qazaxıstan Prezidenti Mərkəzi Asiyanın qlobal proseslərdə artan rolunu da vurğulayıb. Onun sözlərinə görə, region ölkələri misli görünməmiş birlik, mehriban qonşuluq münasibətlərinə sadiqlik və ortaq tərəqqi nümayiş etdirirlər.

Öz növbəsində, Serjio Qor Mərkəzi Asiya regionunun Vaşinqtonun xarici siyasətində strateji əhəmiyyətini bir daha təsdiqləyib. O əlavə edib ki, Ağ Evdə keçiriləcək qarşıdakı görüşün ikitərəfli əməkdaşlığı yeni səviyyəyə qaldırmağa kömək edəcəyinə inanır.

Həmsöhbətlər, həmçinin enerji, vacib minerallar, rəqəmsallaşma, nəqliyyat və logistika sahələrində qarşılıqlı faydalı tərəfdaşlıq potensialını müzakirə ediblər.