30 oktyabr 2025 02:27
232

Böyük Qayıdışın növbəti mərhələsi

Prezident İlham Əliyevin sözləri ilə desək, Zəngilan Azərbaycanın gələcəyinin şəhəridir – çünki burada qurulan hər bina, hər məktəb, hər körpü azadlıq, müasirlik və Vətən sevgisinin ifadəsidir

Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri davamlı şəkildə icra olunmaqdadır. Planlı şəkildə aparılan abadlıq-quruculuq işləri deməyə əsas verir ki, erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. Beş ildir ki, ata-baba yurdumuzdan azan səsi gəlir, bu ərazilərdə şanlı üçrəngli Bayrağımız dalğalanır. Qarşıda duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin başa çatdırılmasıdır. Məqsəd insanların rahat yaşayışını təmin etməkdir.

Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda möcüzələr yaradır. 30 il ərzində erməni barbarlarının dağıdıb viranəyə çevirdiyi yurd yerlərimiz başdan-başa tikinti-quruculuq meydanına çevrilib, beş il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə həyat yenidən öz məcrasına qayıdır. Azad edilən yurdlarımız gündən-günə dirçəldilir, müasir infrastruktur qurulur, "ağıllı kənd", "ağıllı şəhər"lər salınır. Artıq Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevrilib. İşğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Hər zaman çıxışlarında "Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", söyləyən cənab İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir. O cümlədən də 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir.

Məlumdur ki, Böyük Qayıdış prosesinə məhz Zəngilanda start verildi. 2022-ci ilin 27 may tarixində, Azərbaycan xalqının Müstəqillik Günü ərəfəsində Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutdu. Birinci mərhələdə Yeni Ağalı kəndinə 41 ailə köçürüldü. Bu ailələr 29 il həsrətində olduqları doğma ata-baba torpağına geri dönmənin sevincini yaşadı. Ali Baş Komandanımız cənab İlham Əliyev Ağalı kənd meydanında sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi işə saldı. Bu gün Ağalıda 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Qarabağın “yaşıl enerji zonası”na çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda Günəş enerjisinin böyük potensialı var. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir.

Oktyabrın 28-də Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşdü. Dövlətimizin başçısı kəndlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim etdi. Bildirdi ki, Ağalı kəndində əlavə 100 ailə yerləşəcək: “Bu gün Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri üçün çox sevincli bir gündür. Ağalı kəndində əlavə 100 ailə yerləşəcək. Ağalının hüdudları demək olar ki, daha da böyük olur. Məmmədbəyli kəndində isə 180 ailə üçün gözəl evlər, yaraşıqlı binalar inşa edilib. Mən bilirəm ki, siz bu gün buraya gəlmisiniz. Hələ demək olar ki, yerləşməmisiniz. Ancaq əlbəttə ki, gələn günlər ərzində burada tam yerləşib öz doğma dədə-baba torpağında rahat, firavan həyat yaşayacaqsınız”.

Prezident İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə də tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır. Burada 104 mənzil inşa olunub. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb. Kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülüb. Ərazidə uşaq və idman meydançaları quraşdırılıb. Məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı var. Elektromobillər üçün enerjidoldurma məntəqəsi də nəzərdə tutulub. Yaşayış kompleksinin ərazisində yeraltı su anbarları tikilib, transformator da quraşdırılıb. Kompleks şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və parkın yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü ilin 30 oktyabrında “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərinin ilk sakinləri də tezliklə doğma yuvalarına qayıdacaqlar. Şəhərin Baş planı əsasında müasir yollar, körpülər, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri, parklar və yaşayış massivləri tikilir. Zəngilan Hava Limanının istifadəyə verilməsi regionun həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonunun dünyaya açılan hava qapısıdır. Zəngilan təkcə təbii gözəlliyi ilə deyil, həm də strateji mövqeyi ilə mühüm əhəmiyyət daşıyır. Buradan keçəcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi rolunu gücləndirəcək, Türk dünyasının birləşməsi baxımından yeni imkanlar yaradacaq. Bu, həm regional iqtisadi inteqrasiyanın, həm də xalqlar arasında mədəni əlaqələrin dərinləşməsi deməkdir. Bütün bunlar Prezident İlham Əliyevin dediyi “Zəngilan Azərbaycanın gələcəyinin modelidir” fikrinin gerçəkliyə çevrildiyini göstərir.

Sevinc Azadi, “İki sahil”