30 oktyabr 2025 01:58
157

Müşahidə missiyası "binokl şou”sunu davam etdirir

Ermənistandakı Avropa İttifaqının (Aİ) müşahidə missiyası hələ də fəaliyyətini davam etdirməkdədir. Hətta bu qurum bu günlərdə “X” səhifəsində “gecə-gündüz Ermənistan-Azərbaycan sərhədi boyu müşahidə və patrul xidməti apardığını” bildirib. Şübhəsiz, müşahidə missiyası bununla belə fikir formalaşdırmağa çalışır ki, guya bölgədəki sabitlik məhz onun xidməti sayəsində mümkün olub. Bununla da özünü regionda sülhün “xilaskarı” kimi göstərməyə, sülh prosesinin mahiyyətinə kölgə salmağa çalışır. Bu fakt da bir daha göstərir ki, Aİ-nin Ermənistanın Azərbaycanla şərti sərhəd xətti yaxınlığında yeləşdirdiyi “mülki missiya” adlanan qüvvələrin məqsədi heç də regionda davamlı sülhün bərqərar olunmasına xidmət etmir. Yeri gəlmişkən qeyd edək ki, oktyabrın 27-də Aİ-nin Ermənistanda fəaliyyət göstərən müşahidə missiyasının nümayəndələri Geqarkunik rayonunun Vardenis icmasının Şatjrek kəndində olublar.

Şübhəsiz, missiyanın belə bir dönəmdə şərti sərhəd zolağında qalması sülh prosesinə ziyan vurur, etimad mühitini zədələyir. Bu mənada Cənubi Qafqaz regionunda sülhə, sabitliyə əngəl yaratmaqdan başqa bir iş görməyən, yalnız təxribatlarla məşğul olan Aİ-nin müşahidə missiyasının fəaliyyətinə son qoyulması vacibdir.

Yeri gəlmişkən qeyd edək ki, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin yeddinci bəndində deyilir: “Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər".  Bəzi siyasətçilər Aİ missiyasının Ermənistan hakimiyyətinin dəvəti ilə bölgəyə gəldiyini əsas tutaraq bunu Ermənistan və Aİ arasında olan məsələ kimi xarakterizə edirlər. Onlar bu məsələnin, yəni üçüncü tərəfin qüvvələrinin çıxarılmasını iki ölkə arasında sülh sazişi imzalandıqdan sonra həllini tapacağına ümid edirlər.

Amma əlahəzrət faktlar göstərir ki, rəsmi İrəvan həqiqətən Vaşinqtonda imzaladığı Birgə Bəyannamənin müddəalarına, yəni sülhə sadiqdirsə, qarşılıqılı etimadın yaradılmasında maraqlıdırsa, o zaman şərti sərhədə Brüsseldən göndərilən sabiq zabitlər, hərbçilər, kəşfiyyatçılardan təşkil olunmuş “durbinli diplomatları” yola salmalıdır. Bir məsələni də vurğulayaq ki, son günlər Azərbaycanın qətiyyəti sayəsində sülh istiqamətində mühüm addımlar atılıb. Belə ki, artıq ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub, Naxçıvanla Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi üzərindən birləşdirəcək TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi üzrə çərçivə razılaşdırılıb, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Hətta oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa da keçirilib. Şübhəsiz, iki ölkə arasında münasibətlərin normallaşmasında ABŞ Prezidenti Donald Trampın “Böyük lider” kimi dəyərləndirdiyi dövlətimizin başçısı İlham Əliyevin xidmətləri danılmazdır. Belə ki, məhz onun sayəsində Cənubi Qafqazın da yeni mərhələsi artıq reallığa çevrilib. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci il avqustun 26-da Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində demişdi: “Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır”.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Cənubi Qafqazda Ermənistan üzərindən manipulyasiya etmək məqsədilə yaradılan bu missiya Minsk qrupu kimi indiyə qədər heç bir müsbət nəticə əldə etməyib. Yəni, İkinci Qarabağ müharibəsindən sonra Aİ-nin ortaya atdığı müşahidəçilik missiyası Cənubi Qafqaz regionunda vəziyyəti daha da gərginləşdirməkdən başqa heç nəyə yaramayıb. Sadəcə, bu müddət ərzində Azərbaycanla şərti sərhəddə “binokllu diplomat-kəşfiyyatçıları”nın sayını artırıb. Hazırda onların sayı 210 nəfəri keçib.  Aİ-nin  qəbul etdiyi qərara əsasən, missiya 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalmalıdır. Onu da bildirək ki, missiyanın Ermənistan ərazisində yerləşdirilməsi zamanı Azərbaycanın razılığı alınmayıb. Rəsmi Bakı dəfələrlə Aİ-nin müşahidə missiyasının fəaliyyəti ilə bağlı bir sıra ciddi iradlarını səsləndirib. Məsələn, Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan əsas səbəblərdən biri kimi Aİ-nin Ermənistandakı müşahidəçilərini göstərmişdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”