Braziliyada Rio-de-Janeyro ştatının rəsmiləri hüquq-mühafizə orqanlarının narkotik vasitə və psixotrop maddələr satan dəstələrə qarşı keçirdiyi əməliyyat nəticəsində 132 nəfərin öldüyünü təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə yerli "G1" portalı məlumat yayıb.
Məlumata görə, yerli sakinlər daha 72 nəfərin meyitini aşkarlayıblar və onların cinayətkar qruplaşmalara aidiyyəti müəyyən edilir. Meyitlər yaxınları tərəfindən tanınması üçün şəhər meydanına aparılıb.
Bundan əvvəl 64 nəfərin öldüyü bildirilib.
Oktyabrın 28-də Rio-de-Janeyro polisi ilk növbədə şəhərin şimal hissəsində cinayətkar qrupları həbs etmək üçün "Mühafizə" əməliyyatının yeni mərhələsinə başlayıb. Əməliyyatda 2500-dən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib. Nəticədə 80-dən çox narkokuryer həbs edilib, 50-dən çoxu öldürülüb.