30 oktyabr 2025 00:06
95

Şalva Papuaşvili: Gürcüstan və Türkiyə birlikdə Avropa ilə Asiyanı birləşdirən tarixi imkanlar dəhlizi yaradır

Türkiyə Gürcüstanın strateji müttəfiqi, ən böyük ticarət tərəfdaşı və etibarlı qonşusudur.

“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyənin Cümhuriyyət Günü münasibətilə təşkil olunan tədbirdə söyləyib.

Onun sözlərinə görə, Türkiyə Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini göstərir və Qara dəniz ilə Cənubi Qafqaz regionlarında sülh və sabitliyin təmin edilməsində fəal iştirak edir.

Parlament sədri, həmçinin Gürcüstan və Türkiyə arasında əməkdaşlığın mürəkkəb və qeyri-sabit geosiyasi şəraitdə daha da gücləndirilməsinin ölkələrin gələcək tərəqqisi üçün vacib olduğunu qeyd edib. Demokratik seçkilər vasitəsilə xalqların iradəsində ifadə olunan bir-birinin müstəqilliyinə hörmətin Türkiyə ilə strateji əlaqələrin təməl daşı olduğunu vurğulayıb.

Şalva Papuaşvili, həmçinin parlamentlərarası əlaqələrin önəmini qeyd edərək, bu ilin iyun ayında Türkiyəyə səfər etdiyini və TBMM sədri Numan Kurtulmuşla konstruktiv və səmərəli görüşlər keçirdiyini bildirib. O vurğulayıb ki, Gürcüstan və Türkiyə birlikdə Avropa ilə Asiyanı birləşdirən tarixi imkanlar dəhlizi yaradır.