30 oktyabr 2025 09:03
102

Rusiya nüvə enerjisi ilə işləyən “Poseydon” sualtı aparatını sınaqdan keçirib

Rusiya “Poseydon” nüvə enerjisi ilə işləyən sualtı pilotsuz aparatını uğurla sınaqdan keçirib. Məlumata görə, onun nüvə enerji qurğusunun göstəriciləri “Sarmat” qitələrarası ballistik raketinin göstəricilərini xeyli üstələyir.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin P.V.Mandrıka adına Mərkəzi Hərbi Klinik Xəstəxanasında olarkən məlumat verib.

“Dünən biz perspektivli bir sistem – “Poseydon” sualtı pilotsuz aparatını növbəti dəfə sınaqdan keçirdik. Bu dəfə biz onu yalnız start mühərriki vasitəsilə sualtı daşıyıcı qayıqdan işə salmaqla kifayətlənmədik, həm də aparatın müəyyən vaxtdan sonra nüvə enerji qurğusunu aktivləşdirməsini təmin etdik”, – deyə Prezident bildirib.

Vladimir Putin vurğulayıb ki, bu pilotsuz aparatın dünyada bənzəri yoxdur və onun qarşısını almaq üçün mövcud vasitə yoxdur.

Prezidentin sözlərinə görə, “Poseydon”un nüvə reaktoru minimal ölçülərə malik olsa da, onun gücü ən müasir qitələrarası ballistik raketlərin gücünü xeyli üstələyir.