30 oktyabr 2025 11:53
133

Ağcabədidə tar və fortepiano ixtisasları üzrə ustad dərsləri - FOTO

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində 28-29 oktyabr tarixlərində Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzində tar və fortepiano ixtisasları üzrə ustad dərsləri keçirilib.

“İki sahil” xəbər verir ki, ustad dərsləri dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin bu il dövlət səviyyəsində qeyd edilən 140 illik yubileyi münasibətilə təşkil olunur. Tar ixtisası üzrə ustad dərsi MEMİM-in sektor müdiri Əməkdar artist, tarzən Neymət Mürsəlov tərəfindən aparılıb.

Əvvəlcə Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftəliyev ustad dərslərinin böyük musiqi xadimi Üzeyir Hacıbəylinin yubileyi münasibətilə təşkil olunmasının əhəmiyyətini vurğulayıb, təşkilatçılara təşəkkürünü bildirib. Tarzən Neymət Mürsəlov deyib ki, ustad dərslərinin məqsədi şagirdlərin müvafiq ixtisasa dair bilik və bacarıqlarının inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki baxımdan kömək göstərilməsidir. Sonra Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzi və Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbinin şagirdləri ifalarını təqdim ediblər.

Neymət Mürsəlov tarda ifaçılığın xüsusiyyətləri, alətlə düzgün davranış, ifa üçün əsərlərin seçilməsi kimi məsələlər barədə fikirlərini bölüşüb, müəllim və şagirdlərə öz tövsiyələrini verib. Fortepiano üzrə ustad dərsi isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu Nərgiz Kəngərlinin iştirakı ilə gerçəkləşib. Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər uşaq incəsənət məktəbinin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər. Nərgiz Kəngərli fortepianoda ifa zamanı xüsusi diqqət yetirilməli olan məqamları qeyd edib, çalğı ilə bağlı bəzi texniki məsələlər əyani şəkildə icra olunub.

İnteraktiv formatda keçən hər iki ustad dərsi müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb. Təcrübəli pedaqoqlar iştirakçıların suallarını ətraflı cavablandırıblar.

Xatırladaq ki, Qarabağ bölgəsində “Mədəniyyət rüzgarı” layihəsi Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilir.