30 oktyabr 2025 14:44
168

Prezident İlham Əliyev ASB-nin 2026-cı ildə Ermənistanda keçiriləcək sammitində iştirak etmək niyyətində deyil

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin (ASB) 2026-cı ilin may ayında Ermənistanda keçiriləcək sammitində iştirak etmək niyyətində deyil.

“İki sahil” xəbər verir ki, bu barədə "Caliber.Az" mənbələrə istinadla yazıb.

"İkitərəfli münasibətlərin hazırkı səviyyəsi Prezident Əliyevin İrəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə hələlik imkan vermir. Azərbaycan real fəaliyyət prinsipindən çıxış edir. Saziş (sülh sazişi - red.) imzalanmadan və praktiki mexanizmlər işə salınmadan yüksək səviyyəli səfər prosesin tamamlanması ilə bağlı yanlış təəssürat yarada bilərdi. Hüquqi baza rəsmiləşdirilmədən və öhdəliklərin yerinə yetirilməsinə başlanılmadan bu cür addımların atılması hələ tezdir", - "Caliber.Az" qeyd edib.

Eyni zamanda, qeyd olunub ki, gələcəkdə yüksək səviyyədə səfərlərin həyata keçirilməsi perspektivi istisna edilmir.

"Əksinə, sülh sazişinin imzalanmasından və icrasına başlanılmasından sonra bu, prosesin məntiqi davamı olacaq. İndi isə daha əvvəl razılaşdırılmış öhdəliklərin yerinə yetirilməsi üçün praktiki addımlar atılmalıdır ki, bu da sülhü təkcə de-fakto deyil, həm də de-yure möhkəmləndirəcək", - "Caliber.Az" vurğulayıb.