31 oktyabr 2025 18:49
129

Noyabr ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidməti noyabr ayına olan hava proqnozunu açıqlayıb.

“İki sahil” Xidmətdən verilən məlumata istinadən xəbər verir ki, noyabrda ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enir.

Bu il noyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10, gündüzlər 14-19, bəzi günlərdə 24 dərəcə isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 28-38 millimetr).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 6-9 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə, bəzi günlərdə 0 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 18-28 millimetr).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 18 dərəcə isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 27-34 millimetr).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-6 dərəcə isti, bəzi günlərdə 4 dərəcə şaxta, gündüzlər 5-10, bəzi günlərdə 15-18 dərəcə isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 34-35 millimetr).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8, gündüzlər 12-17, bəzi günlərdə 20-25 dərəcə isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 15-24 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7, gündüzlər 8-13, bəzi günlərdə 15-20, dağlarda gecə 1-5 dərəcə isti, bəzi günlərdə 5 dərəcə şaxta, dağlarda gündüzlər 5-10 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 29-73 millimetr).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9, gündüzlər 13-18, bəzi günlərdə 23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 25-45 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 8-12 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11, gündüzlər 13-18, bəzi günlərdə 22, dağlarda gecə 2-7 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxta, dağlarda gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 15 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 55-170 millimetr).