31 oktyabr 2025 22:15
137

Masallıda “Konstitusiya və Suverenlik ili” çərçivəsində növbəti seminar keçirilib

Oktyabrın 31-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu-müstəqil Azərbaycan Konstitusiyası-30” mövzusunda növbəti seminarı keçirilmişdir.

“İki sahil” xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirmişdirki,  Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, ümummilli liderimizin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Ulu öndər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, dəfələrlə layihənin açıq müzakirəsini təşkil etməklə, onun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir. Müstəqil Azərbaycanın Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Seyfəddin Əliyev çıxışında qeyd etdi ki, Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Təşkilat sədri sonda qeyd etdi ki, Ulu Öndərin müəyyən etdiyi zamanın çağırışlarına uyğun hüquqi islahatlar yolu Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev ölkəmizdə qanunun aliliyinin təmin olunması, hüquqi dövlətin möhkəmləndirilməsi və vətəndaş hüquqlarının qorunması istiqamətində ardıcıl islahatlar həyata keçirir. 

Seminarda Lətafət Ağakişizadə məruzə ilə çıxış edərək bildirdi: Hər bir dövlətin möhkəm təməli onun Konstitusiyasıdır. Konstitusiya dövlətin siyasi, iqtisadi və hüquqi sistemini müəyyənləşdirən, vətəndaşların hüquq və azadlıqlarını təmin edən əsas qanundur. Xalqların tarixində elə sənədlər olur ki, onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın gələcəyinin istiqamətini müəyyənləşdirir. Azərbaycan Respublikasının Konstitusiyası da məhz belə tarixi sənədlərdəndir.

Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov çıxış edərək qeyd etdi ki, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən bu sənəd ölkəmizdə demokratik islahatların başlanğıc nöqtəsinə çevrildi. Sonrakı illərdə Heydər Əliyevin siyasi xətti və onun yaratdığı hüquqi sistem Azərbaycanı inkişaf yoluna çıxardı. Bu gün də həmin Konstitusiya dövlətimizin bütün qanunvericiliyinin əsasını təşkil edir.

Seminarda Baba Həsənov, Mirsəccad Sultanlı və başqaları Azərbaycan Respublikasının Konstitusiyasının ölkəmizin suverenliyinə və demokratik prinsiplərə əsaslandığını qeyd edib, bu prinsiplərin qorunması istiqamətində Prezident cənab İlham Əliyevin müstəsna xidmətlərindən danışıblar.