01 noyabr 2025 13:19
114

Azərbaycan və Özbəkistanın şahmat yığmaları arasında dünya çempionatına vəsiqə uğrunda görüşün açılışı olub

Azərbaycan və Özbəkistanın qadınlardan ibarət şahmat komandaları arasında dünya çempionatına seçmə xarakter daşıyan görüşün açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov iki ölkə arasında münasibətlərin həm idman, həm də digər sahələrdə yüksək səviyyədə inkişaf etdiyini deyib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov isə hər iki komandaya yaxşı nəticələr əldə etməyi arzulayıb.

Sonra görüşə start verilib.

İspaniyanın Linares şəhərində keçiriləcək mötəbər yarışda təşkilatçı ölkə, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən, qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.

Dünya çempionatına 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq.

İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn yığma dünya çempionatına vəsiqə qazanacaq.

Azərbaycan millisinin seçmə matçda çıxış edəcəyi heyət Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyevadan ibarətdir. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.

Görüşün baş hakimi Faiq Həsənovdur.