15 noyabr 2016 21:34
2592

Yeni Azərbaycan Partiyası ölkəmizin müasir tarixində böyük bir fenomendir

YAP-ın 24 illik tarixinin vərəqlənən səhifələri bu reallığı ortaya qoyur ki, dövlətə, xalqa xidmət, sözlə əməl birliyi, populist vədlərdən uzaqlıq partiyanın nüfuzunu artırır, inamla addımlamasına stimul verir

“Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar və Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir.” Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 5-ci ildönümünə həsr edilmiş toplantıda səsləndirdiyi bu fikirlər həmin vaxtdan, yəni 29 noyabr 1997-ci ildən ötən 19 ilin aydın mənzərəsini yaradır, ən əsası bu inamı şərtləndirən amillərə işıq salır. Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Arxada qalan hər gün Azərbaycanın tarixində mühüm uğurlarla yadda qaldığı üçün, bu inkişafa, tərəqqiyə töhfələri davamlı olan Yeni Azərbaycan Partiyasının tarixini də zənginləşdirir, yeni-yeni hədəflərə yol açır. Məhz bu zənginlik əsasında dövlətimizin başçısı İlham Əliyev partiyanın 2013-cü ildə keçirilən V qurultayında bildirmişdir: “Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır. Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır... Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəlibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq.” Atılan hər bir addımın ölkəmizin gələcəyinə xidmət etdiyini qeyd edən cənab İlham Əliyev bu fikri də hər zaman çıxışlarında önə çəkir ki, görülən işlər, tədbirlər hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür.

Ölkə Prezidenti İlham Əliyev bu məmnunluğu da ifadə edir ki, hər zaman çalışıb ki, Ulu Öndərin siyasətinə layiq olsun: “Çalışmışam ki, onun siyasi xəttini sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi ilə yaşadım. Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir.”

Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hər zaman siyasi xəttinə, tutduğu yola sadiqlik nümayiş etdirərək, Azərbaycanın inkişafına, tərəqqisinə öz töhfələrini verməyə səy göstərib. Hazırda sıralarında 700 minə yaxın üzvü birləşdirən YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. Ulu öndər Heydər Əliyevin “YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır” fikirləri milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. YAP aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi dövrdə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, gələcəyə doğru inamla irəliləyir. Azərbaycanın bugünkü reallıqlarında öz payı olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü ölkəmizin qüdrəti ilə qürur duyur, inkişafa dəstək olmaq üçün ciddi səylər göstərir.

Azərbaycanın tarixini vərəqlədikcə yalnız bu həqiqəti etiraf etmiş olarıq ki, davamlı inkişaf, təkmilləşmə, yeniləşmə keçilən yolun bələdçisi olub. Hər dövrün tələblərinə yüksək səviyyədə cavab verməklə hədəflərin gerçəkləşməsinə baza formalaşdırılıb. Məhz bu baza əsasında cənab İlham Əliyevin Sərəncamı əsasında “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası işlənib hazırlanmış və təsdiq olunmuşdur. Qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirməkdir. Ölkədə keçirilən seçkilərə hər zaman yeni şüarla qatılan Yeni Azərbaycan Partiyasının son parlament seçkilərində də əsas devizi “Yeni hədəflərə doğru” olmuşdur. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti qəbul edən Yeni Azərbaycan Partiyası yeni hədəflərə nail olmaq üçün mühüm addımlar atır. YAP-ın ölkəmizdə keçirilən seçki proseslərindən uğurla çıxması bu inkişafın, tərəqqinin daha da sürətlənməsində stimul rolunu oynayır. 1998, 2003, 2008 və 2013-cü il prezident, 1995, 2000, 2005, 2010 və 2015-ci il parlament, 1999, 2004, 2009 və 2014-cü il bələdiyyə seçkiləri Azərbaycan tarixinə Yeni Azərbaycan Partiyasının qələbəsi kimi yazılıb. “Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq” deyən Prezident İlham Əliyev eyni zamanda bildirir: “Bizim əməlimiz, bizim işlərimiz, verilən sözlərə sadiqliyimiz - bütün bunlar, əlbəttə, Yeni Azərbaycan Partiyasının nüfuzunu da qaldırır və deyə bilərəm ki, onu Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çeviribdir.”

Yeni Azərbaycan Partiyasının keçdiyi yolu təhlil etsək, bu həqiqət özünü təsdiq etmiş olar ki, tarix bu partiyanı qələbələr qazanmaq üçün yaradıb. Ötən bu müddət ərzində YAP daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən qalib çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi tanıdıb. Partiya populizmdən uzaq olduğunu həyata keçirdiyi siyasəti, xalqdan aldığı dəstəyi ilə sübut edir. 2003-cü ildə keçirilən andiçmə mərasimində cənab İlham Əliyev Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirmişdir. Son 13 ildə görülən işlər, qazanılan uğurlar bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını nümayiş etdirir. Xalqın həyata keçirilən siyasətə inamının, dəstəyinin nəticəsidir ki, cənab İlham Əliyev 2008 və 2013-cü il prezident seçkilərində qələbəsini təmin etmişdir. Çünki xalq populist vədlərə deyil, gerçəkliklərə dəyər verir. Azərbaycanın davamlı inkişafı bu günümüzün əsas reallığıdır.

24 ildə şərəfli yol keçən Yeni Azərbaycan Partiyasını qarşıdakı onilliklərdə daha möhtəşəm nailiyyətlər gözləyir. Müstəqil Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Hər bir seçki prosesində görülən işlərin, əldə olunan uğurların, eyni zamanda qarşıdakı illərin hədəflərini açıqlayan Yeni Azərbaycan Partiyası Dağlıq Qarabağ probleminin həllində Azərbaycan həqiqətlərinin dünyaya dolğun çatdırılmasının prioritetliyini bəyan edərək, bu istiqamətdə atdığı davamlı addımları ilə diqqət çəkir. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev bildirir: “... bizim amalımız qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, sosial rifahdır. Ölkə qarşısında duran vəzifələr də məhz Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bundan sonra da uğurla icra edilə bilər. Bu vəzifələrin arasında əlbəttə ki, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dayanır. Bizim mövqeyimiz prinsipialdır. Mən bunu dəfələrlə bəyan etmişəm. Azərbaycan xalqı və Yeni Azərbaycan Partiyası bu mövqeyi birmənalı şəkildə dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir.” Ölkəmizin diplomatik uğurları, həmçinin güclü, qüdrətli ordusu bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır.

Azərbaycanın davamlı inkişafında öz payı olan Yeni Azərbaycan Partiyası sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir, bu günün, sabahın partiyası olduğunu uğurlu siyasəti ilə təsdiqləyir. Siyasətində beynəlxalq əməkdaşlığa önəm verən partiya bununla bir həqiqəti təsdiqləmiş olur ki, ölkələr, xalqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrinin qurulmasında və möhkəmləndirilməsində siyasi partiyaların rolu böyükdür. Qarşılıqlı səfərlər, həmçinin təşkil olunan beynəlxalq səviyyəli tədbirlər fonunda hər bir ölkənin hansı imkanlara malik olduğu açıqlanır, qarşıya qoyulan məqsədlərə çatmaq üçün səylərin birləşdirilməsinin zəruriliyi bildirilir.

Bir sözlə, Azərbaycanın uğurları bir-birini əvəzlədikcə yeni hədəflər gündəmə gətirilir, ölkənin aparıcı siyasi təşkilatı kimi Yeni Azərbaycan Partiyası bu məqsədlərin gerçəkləşməsinə töhfəsini verməyə çalışır. “Bizim gələcək inkişafımızla bağlı heç bir tərəddüdümüz, heç bir şübhəmiz yoxdur. Azərbaycan inamla, uğurla irəliyə gedəcəkdir” söyləyən Prezident İlham Əliyev bildirir ki, bunu təmin etmək üçün Azərbaycanda Heydər Əliyev siyasəti bundan sonra da daim üstünlük təşkil etməlidir.

Yeganə Əliyeva, “İki sahil”