İraqda “Roblox” internet oyunu vasitəsilə 30 nəfərin intiharına səbəb olmuş gənc həbs edilib. Gənc oyun vasitəsilə qurbanlarını cəlb edərək onları intihara sürükləyib.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxsin oyunda qurbanlarını özlərinə zərər verməyə və adlarını qanla bədənlərinə yazmağa təhrik etdiyi bildirilir.
İstintaq zamanı gəncin oyunun imkanlarından istifadə edərək qurbanlarını zorakılıq, intihar və heyvanları yandırmaq kimi mənfi davranışlara sövq etdiyi müəyyənləşib. Qurbanların çoxu ərəb və xarici ölkələrdən olub. Sonuncu qurban iraqlı yeniyetmə qız olub və gəncin təlimatlarına itaət edərək intihar edib.
Qeyd edilməlidir ki, İraq bu ilin oktyabrında “Roblox” platformasının istifadəsini ölkədə qadağan edib. Bunun səbəbi oyunun seksual istinadlar və qeyri-etik ifadələr ehtiva etməsi, həmçinin uşaqlar və yeniyetmələr üçün elektron şantaj təhlükəsi yaratmasıdır.