01 noyabr 2025 20:49
147

Rumıniyada qədim Roma koloniyasının qalıqları aşkar edilib

Rumıniyanın Alba-Yuliya şəhərində aparılan arxeoloji qazıntılar zamanı qədim Roma dövrünə aid “Aurelia Apulensis” adlı koloniyanın qalıqları aşkar olunub. Bu barədə “G4Media” məlumat yayıb.

“İki sahil” xəbər verir ki, qazıntılar şəhərin yeni avtobus parkının tikintisi üçün nəzərdə tutulan ərazidə aparılıb. Milli Birlik Muzeyinin arxeoloqları tərəfindən həyata keçirilən tədqiqat zamanı qədim yaşayış evlərinin, küçələrin və tikili əsaslarının qalıqları müəyyən edilib.

Arxeoloq Radu Ota bildirib ki, tapıntı beynəlxalq miqyasda elmi əhəmiyyətə malikdir və Avropanın ən iri Roma arxeoloji komplekslərindən biri hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, “Aurelia Apulensis” koloniyası eramızın 107–108-ci illərində, imperator Trayanın hakimiyyəti dövründə salınıb. Həmin dövrdə şəhər Roma Daçiya vilayətinin əsas inzibati mərkəzlərindən biri, bir müddət isə onun paytaxtı olub.

Rumıniya mətbuatı bu arxeoloji tapıntını ölkənin qədim Roma irsinin yenidən öyrənilməsi baxımından mühüm hadisə kimi qiymətləndirib.