Astana şəhərində “Qazaxıstan – akademik təhsil məkanı” adlı Strateji Tərəfdaşlar Beynəlxalq Forumu keçirilib. Forumun plenar hissəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev çıxış edib.
BDU-dan “İki sahil”ə bildirilib ki, rektor Elçin Babayev çıxışında Azərbaycan ilə Qazaxıstan arasında təhsil, elm və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyindən bəhs edib.
Rektor BDU ilə Əl-Farabi adına Qazax Milli Universiteti, Satbayev Universiteti, Qumilyov adına Avrasiya Milli Universiteti, Yessenov adına Xəzər Dövlət Universiteti və Atırau Dövlət Universiteti arasında əməkdaşlığın genişləndiyini, bu əlaqələrin ənənəvi akademik mübadilədən birgə tədqiqat klasterlərinə və ikili diplom proqramlarına doğru inkişaf etdiyini qeyd edib. BDU-nun Qazaxıstan universitetləri ilə birgə fəaliyyətinin bərpaolunan enerji, rəqəmsal texnologiyalar, süni intellekt, ətraf mühitin mühafizəsi və mədəni irs tədqiqatları kimi istiqamətləri əhatə etdiyini bildirib.
BDU-nun rektoru, həmçinin Azərbaycan və Qazaxıstanın birgə səylərlə Türk dünyasında yeni bilik körpüsü yarada biləcəyini vurğulayıb və bu məqsədlə Ortaq Akademik Şura, Türk Dünyası Tədqiqat və İnnovasiya Fondu, Gənc Alimlər Şəbəkəsi kimi təşəbbüslərin yaradılmasını təklif edib.
Forumda, həmçinin Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sаyаsat Nurbek, Quacquarelli Symonds (QS) beynəlxalq reytinq agentliyinin prezidenti Nuntsio Kvakkarelli, Pekin Dillər və Mədəniyyət Universitetinin prezidenti Pen Duan, Kardiff Universitetinin prezidenti Vendi Larner, Voosong Təhsil Fondunun Himayədarlar Şurasının sədri Kim Son Kyonq, Minerva Universitetinin prezidenti Ben Nelson, M. Kozibayev adına Şimali Qazaxıstan Universitetinin rektoru Yerbol Isakayev və digər beynəlxalq elm və təhsil nümayəndələri çıxış ediblər.
Forum çərçivəsində iştirakçılar qlobal və regional təhsil tendensiyaları, süni intellektin təhsildə rolu, universitetlərin innovasiyalarda iştirakı və elmi diplomatiyanın gücləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.