03 noyabr 2025 11:35
130

Mingəçevirdə “Bələdiyyə Kuboku” uğrunda cüdo yarışı baş tutub

Mingəçevir Bələdiyyəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər “Kür” Olimpiya Tədris Mərkəzində “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Bələdiyyə Kuboku” uğrunda cüdo yarışı keçirildi.

“İki sahil” xəbər verir ki, yarışlarda 12 çəki dərəcəsində 160-a yaxın uşaq və yeniyetmə cüdoçu güclərini sınadı. Turnirdə Mingəçevirlə yanaşı Gəncə, Goranboy, Yevlax və Bərdə rayonlarını təmsil edən ümumilikdə 10 idman klubu iştirak etdi.

Yarışın nəticələrinə əsasən, Mingəçevirin UGİM komandası birinci, Gəncənin “Metallurq” komandası ikinci, “Qədiroğlu” idman klubunun komandası isə üçüncü yeri tutdu. Qalib komandalar “Bələdiyyə Kuboku” və diplomlarla təltif olundular. Həmçinin, hər çəki dərəcəsində fərqlənən idmançılar medal və diplomlarla mükafatlandırıldılar.

Təltifetmə mərasimində Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və digər qonaqlar iştirak edərək idmançılara uğurlar arzuladılar.

Bundan əlavə, yarışın gedişatında fəal iştirak edən Mingəçevir Bələdiyyəsi könüllülərinə də təşəkkürnamələr təqdim olundu.

Yarışın məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və cüdo idman növünün inkişafına dəstək verməkdir.