03 noyabr 2025 16:05
210

Anar Nağıyev YAP-ın gənc fəalları ilə görüş keçirib

Oktyabrın 31-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin  Yeni Azərbaycan Partiyasının(YAP) Mərkəzi Aparatında YAP-ın gənc fəalları ilə “Yeni dövrün Azərbaycanı” mövzusunda seminarı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Ümummili lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Açılış nitqi ilə qonaqları salamlayan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Konstitusiya və Suverenlik ili” çərçivəsində baş tutan seminarın xüsusilə Zəfər Günü ərəfəsində keçirilməsinin önəmini vurğulayıb.

Rektor Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin  müstəqilliyə gedən yolda tarixi xidmətlərini və müasir dövlətçiliyin möhkəmlənməsində oynadığı rolu xüsusi vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı imzaladığı Sərəncam Azərbaycan dövlətçiliyinin tarixi inkişaf yolunu və gələcəyə hədəflənən məqsədləri özündə əks etdirir. O, Konstitusiyanın preambulasında əksini tapan müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin dövlətin əsas dayaqları olduğunu vurğulayıb.

Rektor çıxışında 1990-cı illərin əvvəllərində ölkənin qarşılaşdığı siyasi, hərbi və sosial reallıqlardan, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan xalqının milli birliyinin bərpasında və dövlət müstəqilliyinin qorunmasında oynadığı həlledici roldan bəhs edib.

A. Nağıyev 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışının ölkə müstəqilliyinin qorunmasında və inkişafında dönüş nöqtəsi olduğunu vurğulayıb. Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası XXI əsrin, III minilliyin partiyasıdır!” fikrini xatırladan rektor 1992-ci ildə YAP-ın təsis edilməsinin Azərbaycan siyasi tarixində mühüm hadisə olduğunu diqqətə çatdırıb.

A.Nağıyev qeyd edib ki, 2003-cü ildə Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub, 2023-cü il antiterror əməliyyatları ilə isə ölkəmizin tam suverenliyi bərpa edilib”.

Sonda rektor bildirib ki, bu gün yeni dünya düzənində Azərbaycanın rolu daha da güclənir. “Ölkəmiz beynəlxalq münasibətlərdə fəal iştirakçıya çevrilib, regional və qlobal məsələlərdə söz sahibi olaraq müstəqil siyasət yürüdür. Bu uğurların əsasında güclü liderin iradəsi, milli birliyimiz, azərbaycançılıq ideologiyası və vətəndaş həmrəyliyi dayanır”, - deyənA.Nağıyev ölkə rəhbərliyinin gənclər qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün səylə çalışmağın vacibliyini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov seminarın yekununda çıxış edərək bildirib ki, 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi zəfər Azərbaycan gəncliyinin üzərinə yeni vəzifələr qoymuşdur. Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişmiş gənc nəslin əsas vəzifələrindən biri də ölkəmizin suverenliyinin qorunmasıdır. Belə bir məqamda “Yeni dövrün Azərbaycanı” mövzusunda seminarın keçirilməsi olduqca vacib və faydalıdır.