Tarixin yaddaşında elə günlər var ki, illər keçsə də, onun atəşi ürəklərdə sönməz, səsləri zamanın tozlu səhifələrindən yüksəlib gələcəyə doğru boylanar. Azərbaycanın müasir tarixində 8 Noyabr belə günlərdən biridir. Bu gün – Zəfər Günü, təkcə hərbi qələbənin deyil, xalqın inamının, birliyinin və milli ruhunun təntənəsidir.
12 iyul 2020– Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində yerləşən mövqelərimizi artilleriya atəşinə tutdu.Azərbaycan Ordusu bu hücuma cavab olaraq əks tədbirlər gördü, və qızğın döyüşlər başladı.14 iyul 2020 tarixində döyüşlər zamanı General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, çavuş Elşad Məmmədov, əsgər Əkbər Nəbiyev və bir neçə hərbçimiz şəhid oldu.
Bu hadisə xalqda böyük qəzəb və oyanış yaratdı, müharibəyə gedən yolun psixoloji və ictimai əsasını gücləndirdi.Bu hadisə dövlət və xalq arasında güclü həmrəylik yaratdı.Xalqda artıq Qarabağ məsələsi hərbi yolla həll olunmalıdır düşüncəsi daha da gücləndi.Sentyabrda isə Ermənistanın yeni təxribatları başladı və bu dəfə Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına keçdi.Bu hadisə xalqı birləşdirdi, iradəni möhkəmləndirdi və döyüş əzmini artırdı.
30 ilə yaxın bir zaman… Vətən torpaqlarının işğalda qaldığı, azadlıq həsrəti ilə yaşayan bir xalqın səssiz mübarizəsinin davam etdiyi onilliklər. Uşaqdan böyüyə hər kəsin ürəyində "Qarabağ bizimdir!"deyən bir səs, bir ümid vardı. Bu ümid nə zamansa qələbə səmasına çevriləcəkdi. Və bu gün gəldi – 2020-ci ilin 8 Noyabrı.
Bu gün Azərbaycan Ordusu Şuşanı azad etdi.Amma bu, təkcə bir şəhərin azadlığı deyildi. Bu, Azərbaycanın qəlbinin döyünməsi, tarixin üzərində ədalətin zəfəri, şəhidlərin ruhuna sayğı, vətənin hər daşı üçün can verənlərin haqqının bərpası idi. Bu zəfər güclü ordunun gücü ilə deyil, xalqla birləşən iradənin, ədalətli mövqenin və milli ruhun gücü ilə qazanıldı.44 gün — bir millətin əyilməyən ruhunun, şəhidlərin qanı ilə yazılmış Qələbə dastanıdır.Vətən müharibəsi – həm kədərin, həm qürurun, həm də dirçəlişin simvoludur.
Aytən İbrahimova,
Yap Xətai rayon təşkilatının fəalı