03 noyabr 2025 17:39
147

Sahibkarlıq subyektləri ilə bağlı qərarda dəyişiklik edilib

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə il ərzində fəaliyyəti olmuş, habelə yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektlərinin ölçüsünə görə mikro, kiçik, orta və iri sahibkar kateqoriyaları üzrə bölgüsünün bu meyarlara uyğun təşkilini və hesabat ili başa çatdıqdan sonra növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində işçilərin orta siyahı sayı və illik gəlir göstəriciləri göstərilməklə müvafiq məlumatların Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etmək tapşırılıb.

Bu qərarla “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nda da dəyişiklik edilib.

Belə ki, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kateqoriyalarına aid edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunan 2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həmin sahibkarlıq subyektləri haqqında reyestrə daxil edilən məlumatlar əsasında başa çatmış hesabat ili üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir, meyar göstəriciləri üzrə məlumatlar dəyişdikdə real vaxt rejimində yenilənir və sahibkarlıq subyektlərinə təqdim edilir. Vergitutma məqsədləri üçün vergi qanunvericiliyində nəzərdə tutulan güzəşt və azadolmalar sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının müəyyən edilməsinə əsas verən göstəricilərin aid olduğu başa çatmış hesabat ili ərzində tətbiq edilir.

Sahibkarlıq subyektlərinin (yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektləri istisna olmaqla) hesabat ilində meyar göstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərinin əvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədə qalır.