03 noyabr 2025 17:57
142

“Ağ ölüm” tamaşası nümayiş etdirilib

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi və ETİHİ Nizami Rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Ağ ölüm” tamaşasının nümayişi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə ETİHİ Respublika Komitəsinin məsul əməkdaşları, Bakı şəhər üzrə rayon komitələrinin sədrləri və təhsil işçiləri iştirak ediblər.

Çıxış edən ETİHİ sədrinin müşaviri Vüsal Əliyev bildirib ki, “Ağ ölüm” tamaşası oktyabr ayı ərzində üzv təşkilatların təşəbbüsü ilə ölkə üzrə keçirilən “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə yox!” devizi altında keçirilmiş maarifləndirici tədbirlər silsiləsinin yekun mərhələsidir. O, tamaşanın gənclər arasında sağlam həyat tərzinin təbliği baxımından mühüm rol oynadığını və bu kimi layihələrin cəmiyyətin mənəvi dayanıqlığının möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Layihə AHİK və ETİHİ Respublika Komitəsinin birgə fəaliyyəti çərçivəsində sağlam həyat tərzinin təşviqinə, sosial məsuliyyətin artırılmasına və gənclərin mənəvi inkişafına yönəlib.

Tədbirin sonunda tamaşada çıxış edən aktyorlara ETİHİ Nizami Rayon Komitəsi tərəfindən təşəkkürnamə və gül dəstələri təqdim olunub.

Daha sonra tədbir iştirakçıları və yaradıcı heyət xatirə şəkli çəkdiriblər.