16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür!
16 noyabr 1995-ci ildə UNESCO-da təmsil olunan 185 ölkənin birgə iştirakı ilə “Tolerantlığın prinsiplərinin izahı” ilə bağlı sənəd qəbul olundu. Həmin vaxtdan 16 noyabr bütün dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Bəşəri dəyərlərə hörmətlə yanaşan, milli mənəvi zənginliklərini qoruyub təbliğ edən Azərbaycanda tolerantlıq dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. Ötən əsrin sonlarında sovetlərin dağılması ilə yaranan, dünya birliyi üçün yeni proses olsa da, çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi, dini dözümlülük ənənələrinin qorunması üçün də əsl sınağa çevrildi.
Əsrlərin dönəmində xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiqlik müstəqillik əldə etdikdən sonra daha sivil şəkildə formalaşmış, dini ənənələrimizin təbliği, islami dəyərlərə hörmət və ehtiram güclənmişdir.
Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərliyinin bütün dövrlərində dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərmiş, böyük siyasi irsin və dövlətçilik təcrübəsinin təməlini qoymuşdur.
Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin, bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən Azərbaycan təcrübəsi nümunədir.
Çoxmillətli, çoxkonfessiyalı, dünyəvi dövlət olan Azərbaycanda əsrlərdən bəridir ki, dini etiqad azadlığı mövcuddur. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir. Ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Dövlət tərəfindən məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırılır. Son illərdə ölkəmizdə 200-dən artıq məscid tikilib, 80 dini ocaq təmir olunub. Ölkədə rəsmi şəkildə 525 islam, 34 digər təmayüllü dini icma, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Başqa dinlərə, konfessiyalara hörmət ölkəmizin tolerantlıq ənənələrinin çoxəsrlik tarixindən xəbər verir. Azərbaycanda katoliklər, yəhudilər üçün yaradılan şəraitin özü tolerantlıq nümunəsidir. Azərbaycan xristian, yəhudi və digər dinlərə mənsub insanlar üçün doğma vətəndir. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranıb, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir.
Beynəlxalq əhəmiyyətli mühüm tədbirlərin Azərbaycanda keçirilməsinin özü tolerantlıq nümunəsidir. Davos İqtisadi Forumu kimi mötəbər bir təşkilatın iclasının Bakıda keçirilməsi ölkəmiz üçün böyük uğur olmaqla Azərbaycanın dünyada tanıdılması baxımından da əhəmiyyətli idi. Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi üçün Azərbaycanın seçilməsi bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi, həm də siyasi, iqtisadi və mədəni mərkəzdir. Dünya miqyasında mötəbər təşkilat kimi tanınan, çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən Madrid Klubunun toplantısının, Amerika-Azərbaycan konfransının, Birinci Qafqaz, Krans Montana Forumlarının Bakıda keçirilməsi də çox əlamətdar hadisə idi. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanın humanitar sahədə, yəni, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün bir mərkəz kimi formalaşmasına öz xidmətini göstərmişdir. Belə mühüm tədbirlər üçün Azərbaycanın seçilməsi onu deməyə əsas verir ki, bu, artıq ənənəvi xarakter daşıyacaq. Milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycan vətəndaşları ölkə iqtisadiyyatının güclənməsində iştirak edir. Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir.
Müstəqillik dövründə din ilə dövlət arasında yaranan münasibətlər Azərbaycanın uğurlu inkişafını təmin edir. Ölkəmiz artıq dünya miqyasında dinlərarası dialoqun inkişafında və təşkilində mühüm təcrübəyə malikdir. Respublikamızda vicdan, demokratik azadlıqlar güclənir, bu istiqamətdə davam edən meyillər möhkəmlənir.
Dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün buradakı qədər səylər göstərilsin. Dövlət başçısı səviyyəsində müxtəlif konfessiyaların rəhbərləri ilə görüşlər keçirilsin, ayrı-ayrı xalqların dini mərasimlərində iştirakı təmin olunsun. Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, tolerantlığın formalaşması, milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyası, dini, əqidə azadlığının təmin olunması üçün dini liderlərlə konstruktiv mövqe nümayiş etdirilir.
Müqəddəs dini bayramlar münasibətilə ölkəmizdə məskunlaşan müxtəlif dini, icmaları təbrik edən Prezident İlham Əliyev vurğulayır ki, yüksək əxlaqi dəyərlərə əsaslanan tolerantlıq mühitində ölkəmizin bütün milli azlıqları, öz etnik-dini adət-ənənələrini, dil və mədəniyyətini günümüzəcən yaşatmışlar: “Bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində özünəməxsus yeri olan pravoslav xristian icması ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, ölkədə təmin olunmuş demokratik- hüquqi şəraitdən tam yararlanmaqla milli-dini ayin və mərasimlərini azad, sərbəst şəkildə yerinə yetirir.”
İllərin təcrübəsi göstərir ki, İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan milli mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə ən böyük töhfə verən ölkədir. Dünya dini liderlərinin iştirakı ilə Bakıda keçirilən, “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” sammitində qeyd olunduğu kimi dünyada sülhün təmin edilməsinin başlıca şərti tolerantlıqdır.
Çox təəssüf ki, xalqların birgəyaşayış tərzini istəməyən, sabitliyi boğmaq üçün milli münasibətlərdən, tolerantlıqdan istifadə edən radikal dini qruplaşmalar mənfur niyyətlərini gerçəkləşdirməyə çalışırlar.
Azərbaycanın son illərdə dünya birliyində əldə etdiyi uğurlara kölgə salmaq istəyən, xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən missionerlər ölkəmizin dövlətçilik ənənələrinə, idarəçilik sisteminə təsir etmək üçün təxribatlara əl atırlar. Təfəkkürü hələ də formalaşmamış gəncləri aldadaraq, onları “rahat həyat” vədləri ilə şirnikləndirərək təhlükəli ideyaların yayılmasına cəhd göstərirlər.
Azərbaycanda heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması baş verməmiş, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlər mövcud olmuşdur.
Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz. Dünya cəmiyyətlərinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilmişdir. Yəni ölkəmizdə Qərb və Şərq mədəniyyətlərinin sintezi mövcuddur. Bu isə xalqımızın milli mənliyini şərtləndirən amillərdəndir. Buna görə də azad cəmiyyətdə yaşayan Azərbaycan vətəndaşları təxribatla məşğul olan dini təşkilatlara, ziyanlı cərəyanlara heç vaxt maraq göstərmir, mədəni sivil mübarizə yollarına üstünlük verir, terroru lənətləyir. Radikal dini qruplaşmaların, qərəzli qüvvələrin Azərbaycanda təxribat aparmaq cəhdləri heç zaman baş tutmayıb, gələcəkdə də ola bilməz.
Xuraman İsmayılqızı, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu