Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olan dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir daha bəyan etmişdir ki, erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq
“Ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi.” Bu günlərdə Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olan ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışında bir daha aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşananlara diqqəti yönəldərək bildirmişdir ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir.
Göründüyü kimi, nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərir. Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, ordumuzun döyüş ruhu, hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün böyük imkanlara malikdir.
Təbii ki, bu inama əsas yaradan Azərbaycanın iqtisadi tərəqqisi fonunda müdafiə qüdrətinin artırılması istiqamətində atılan əhəmiyyətli addımlardır. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışında, hər bir səfərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradır ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Dövlətin mövcudluğunu təsdiqləyən atributlara daim hörmətlə yanaşan ölkəmizin paytaxtındakı Dövlət Bayrağı Meydanında dünyada ən uca üçrəngli bayrağın dalğalanması, müasir hərbi texnika, silah-sursatla təchiz olunmuş mükəmməl ordunun formalaşması Vətənə, xalqa xidmət və sədaqətdən qaynaqlanır. Azərbaycan gəncliyinin hamisi kimi yeni nəslin nümayəndələrinin fiziki cəhətdən sağlam, müasir dünyagörüşlü, beynəlxalq tələblərə uyğun idarəetmə bacarığına yiyələnmələrinə diqqətlə yanaşan cənab İlham Əliyev Ali Baş Komandan kimi də gənclərin hərbi xidmət zamanı göstərdikləri nizam-intizam və hazırlıqlarından məmnun qalır: “Mən çox şadam ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Mən çox şadam ki, orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır.”
Dövlətimizin başçısı İlham Əliyev diplomatik uğurlarımıza və ordumuzun gücünə söykənərək ən yüksək tribunalardan bəyan edir: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur... Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istədiyimizə nail ola biləcəyik.”
Aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşananlar ermənilərin məkrli siyasətinə işıq salmaqla yanaşı, bir daha Azərbaycan Ordusunun qüdrətini, ölkəmizə beynəlxalq dəstəyi nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində üç əsas amili önə çəkmişdir - dövlətin mövqeyi, xalqın iradəsi və beynəlxalq dəstək. Məhz bu gün bu üç amilin vəhdəti Azərbaycan xalqında münaqişənin tezliklə öz ədalətli həllini tapacağına inamı artırır.
Aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində qoşunların təmas xəttində yerləşən işğalçı Ermənistan ordusunun mövqelərinə sarsıdıcı zərbə endirilmiş, düşmən həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilərə məruz qalmış və panik şəkildə geri çəkilməyə məcbur olmuşdur. Ordumuz cəbhədə mühüm hərbi-strateji yüksəklikləri ələ keçirmiş və orada möhkəmlənmişdir. Dövlətimizin başçısı İlham Əliyev qeyd etdiyimiz çıxışında bu məqamı xüsusi qeyd etmişdir: “Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.”
Azərbaycan Ordusu istənilən vaxt onun qarşısına qoyulan vəzifələri tam yerinə yetirmək və torpaqları azad etmək iqtidarındadır. Rəsmi Bakı hər zaman tarixi həqiqətlərə, real faktlara söykənərək Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini bəyan edir, işğalçı dövlətə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmədiyinə görə təzyiqlər göstərildiyi təqdirdə problemin həllinə nail olmağın mümkünlüyünü bildirir. Amma nədənsə dünya susmağa, seyrçi mövqedə dayanmağa üstünlük verir. İşğalçı adı ilə çağırılmır, amma problemin həllindən danışılır. Maraqlı, eyni zamanda şübhə doğuran yanaşma deyilmi? Azərbaycan Ordusu erməni təxribatına verdiyi cavabla bir daha rəsmi Bakının ən yüksək tribunalardan səsləndirdiyi bu bəyanatı da təsdiqləmiş oldu - xalqın səbri tükənməz deyil.
Ötən yazılarımızda münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, missiyasını yalnız regiona nəticəsiz səfərlər etməkdə görməsindən geniş bəhs etmişik. Həmsədr dövlətlər hər zaman məsuliyyəti münaqişəli tərəflərin üzərinə atmaqla özlərinin seyrçi mövqelərinə diqqət yönəltmiş olurlar. Əgər münaqişəli tərəflər öz aralarında razılığa gəlmək imkanında idilərsə, onda yenə sual olunur- Minsk qrupunun yaradılmasına ehtiyac var idimi?
Azərbaycan müharibənin tərəfdarı deyil, amma sülh danışıqları səmərə vermədiyi təqdirdə işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək onun hüququdur. Ölkə Prezidenti İlham Əliyev aprel döyüşlərindən sonra Təhlükəsizlik Şurasının keçirilən iclasında bildirmişdir: “Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm.”
Qeyd etdiyimiz kimi, Azərbaycanın diplomatik uğurları, ordu quruculuğu istiqamətində atdığı bir-birindən əhəmiyyətli addımlar və onların nəticələri yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı artırır. “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bir daha bəyan etdi: “Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var... Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”
Yeganə Əliyeva, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu