04 noyabr 2025 11:05
123

Bahar Muradova: Məişət zorakılığı ilə bağlı qanunvericilik təkmilləşdirilib

Məişət zorakılığı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ən mühüm dəyişikliklər edilib.

“İki sahil” xəbər verir ki, bunu bu gün “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış zamanı səsləndirib.

O bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun əhatə dairəsi genişləndirilib.

“Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardım göstərilir. Qısamüddətli mühafizə orderinin müddəti 30 gündən 60 günə, uzunmüddətli mühafizə orderinin müddəti isə 60 gündən 180 günə artırılıb”, – deyə komitə sədri qeyd edib.

Bahar Muradova vurğulayıb ki, qanunvericiliyin tələblərinin təkrar pozulması artıq sanksiyalaşdırılıb.

“Bundan əlavə, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün mərkəzi və yerli səviyyədə yeni qurumlararası monitorinq və əlaqələndirmə mexanizmi yaradılıb”, – deyə o əlavə edib.