04 noyabr 2025 14:42
107

Energetika nazirinin müavini ADIPEC 2025 tədbirində iştirak edib

Energetika nazirinin müavini Orxan Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib.

“İki sahil” xəbər verir ki, nazir müavini “Enerjinin gələcəyi: pozitivlik, praqmatizm və siyasətlər” adlı nazirlər panelində və “Şaxələndirmə yolu ilə enerji təhlükəsizliyinin və dayanıqlılığının gücləndirilməsi” adlı nazirlərin dəyirmi masasında çıxış edib. Nazir müavini ədalətli enerji keçidi prosesində ənənəvi enerji mənbələrinin balanslaşdırıcı rolu və Azərbaycanın “yaşıl enerji keçidi” istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, enerji saxlama texnologiyalarının geniş tətbiqinin və elektrik şəbəkəsinin modernləşdirilməsinin bərpa olunan enerjinin sürətli inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, enerji keçidinin uğurlu həyata keçirilməsi regional enerji inteqrasiyasından da asılıdır. Bu məqsədlə ölkəmiz Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropanı birləşdirən “yaşıl enerji dəhlizi” və interkonnektor layihələrini reallaşdırır. Sözügedən layihələr təkcə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ixracına deyil, həm də şəbəkələrin sinxronizasiyasına və regionda enerji dayanıqlığının möhkəmlənməsinə xidmət edəcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın himayəsi ilə təşkil olunan ADIPEC 2025 tədbiri 10 konfrans və 380 sessiyadan ibarət olmaqla enerji sisteminin formalaşdırılması, yeni texnologiyaların tətbiqi, təmiz enerji sahəsinə sərmayələrin qoyulması, təmiz və təhlükəsiz enerji gələcəyinə keçidin sürətləndirilməsi kimi mövzulara dair müzakirələrə həsr olunub.