04 noyabr 2025 17:06
184

AMEA-ın 80 illik yubileyi – Elm, dil və milli kimlik bayramı

2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirilib. Bu yubiley mərasimi təkcə elmi nailiyyətlərin qeyd olunduğu bir tarix deyil, həm də milli dəyərlərin, dilin, mədəniyyətin və elmi düşüncənin vəhdətini əks etdirən mənəvi hadisə kimi yadda qalıb. Tədbirdə səslənən fikirlər və vurğulanan mövzular Azərbaycan dövlətinin elmə, milli kimliyə, mədəni irsə və dövlətçilik prinsiplərinə verdiyi dəyəri bir daha nümayiş etdirib.

Bu tədbir bir daha sübut etdi ki, Azərbaycan xalqı tarix boyu yüksək mədəniyyətə və dərin intellektual ənənələrə sahib olub. Qeyd olundu ki, xalqımız harada yaşamasından asılı olmayaraq, daim yaşadığı ölkələrin inkişafına, dövlətçiliyinə töhfə verib, heç vaxt başqa xalqlara və dövlətlərə qarşı problem yaratmayıb. Bu fakt xalqımızın sülhsevər, tolerant və humanist təbiətinin təcəssümüdür. Azərbaycanlılar hər zaman əməksevərliyi, ziyalılığı və mənəvi dəyərlərə bağlılığı ilə seçilib.

Tarixi ədalətin bərpası məsələsi də yubiley nitqində mühüm yer tutub. Qeyd edilib ki, tarixə obyektiv yanaşma və elmi tədqiqatlarla sübuta yetirilməli faktlar çoxdur. Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən tərtib edilmiş xəritələrə baxmaq kifayətdir ki, indiki Ermənistan ərazisində yerləşən toponimlərin böyük əksəriyyətinin Azərbaycan mənşəli olduğu aydın görünsün. Bu, bir daha göstərir ki, həmin torpaqlarda əsrlər boyu yaşayan, öz mədəniyyətini və tarixini orada formalaşdıran xalq məhz azərbaycanlılardır. Bu kimi faktların elmi şəkildə sənədləşdirilməsi və beynəlxalq səviyyədə təqdimatı gələcəkdə tariximizin daha dərindən öyrənilməsinə imkan yaradacaq.

Müstəqillik dövrü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu mərhələnin elmi baxımdan dərindən araşdırılması, müstəqil dövlətimizin keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar və qarşıya qoyduğu hədəflər barədə sanballı elmi əsərlərin hazırlanması vacib vəzifə kimi qarşıya qoyulub. Elm adamlarının, tarixçilərin və tədqiqatçıların üzərinə düşən məsuliyyət böyükdür – onlar bu dövrü gələcək nəsillərə obyektiv, elmi və milli baxış bucağından çatdırmalıdırlar.

Azərbaycan dili məsələsinə də xüsusi diqqət yönəldilib. Qeyd olunub ki, təmiz, saf və ədəbi Azərbaycan dili dövlət müstəqilliyimizin, milli kimliyimizin və mədəni birliyimizin rəmzidir. Azərbaycan dövləti bu dilin qoruyucusudur və dilimizin saflığının qorunması hər bir vətəndaşın borcudur. Texnologiyanın, sosial medianın və xarici təsirlərin artdığı müasir dövrdə dilin orijinallığını saxlamaq, milli ifadə tərzini qorumaq hər bir ziyalının və vətəndaşın məsuliyyətidir. Dil – xalqın ruhudur və bu ruhu qorumaq milli varlığımızın əsasıdır.

Tədbirdə həmçinin yaxın günlərdə qeyd ediləcək 8 Noyabr – Zəfər Gününə də toxunulub. Bu tarixi gün Azərbaycanın qüdrətini, xalqın birliyini və ordumuzun gücünü təcəssüm etdirir. Beş il əvvəl əldə olunmuş bu möhtəşəm Qələbə xalqımızın iradəsinin, dövlətin güclü siyasi rəhbərliyinin və ordunun peşəkarlığının nəticəsidir. Qeyd olunub ki, yaxın günlərdə keçiriləcək hərbi parad Zəfərimizin bir daha dünyaya nümayişi, Azərbaycanın suverenliyinin və milli birliyinin rəmzi olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi təkcə elm adamlarının deyil, bütün xalqın bayramına çevrildi. Bu yubiley bir daha göstərdi ki, elm, dil və milli kimlik Azərbaycanın gələcəyini formalaşdıran ən əsas sütunlardır. Elm inkişaf etdikcə, dil qorunduqca, xalqın milli yaddaşı daha da möhkəmlənəcək, dövlətçiliyin dayaqları daha da güclənəcək.

Bu yubiley tədbiri Azərbaycan elminin keçmişinə hörmət, bu gününə dəyər, gələcəyinə isə inamın parlaq ifadəsi oldu.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi