05 noyabr 2025 00:14
103

Aparıcı qüvvə artıq qeyri-neft sektorudur

Bu, təkcə rəqəmlərlə ölçülən iqtisadi dinamika deyil, həm də düşünülmüş, məqsədyönlü və sistemli islahatların bəhrəsidir

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında qeyri–neft sektoru ilə bağlı  səsləndirdiyi fikirlər əslində Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətini və onun nəticələrinin real təzahürlərini nümayiş etdirir. Dövlət başçısının vurğuladığı əsas istiqamətlərdən biri  qeyri-neft sektorunun iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilməsi faktı ölkənin uzunmüddətli inkişaf strategiyasının düzgün qurulduğunu təsdiqləyir. Bu, təkcə rəqəmlərlə ölçülən iqtisadi dinamika deyil, həm də düşünülmüş, məqsədyönlü və sistemli islahatların bəhrəsidir. Azərbaycan iqtisadiyyatı neft gəlirlərindən asılılığı tədricən azaldaraq kənd təsərrüfatı, sənaye, xidmət və turizm kimi sahələri yeni inkişaf mərhələsinə çıxarıb. Bu dəyişiklik ölkənin iqtisadi modelini daha dayanıqlı və qlobal çağırışlara qarşı dözümlü hala gətirib.

Dövlətimizin başçısının dünyanın nüfuzlu reytinq agentliklərinin qiymətləndirməsinə istinadı da əslində ölkənin beynəlxalq iqtisadi imicinin möhkəmləndiyini göstərir. Xarici reytinq sistemlərində artım təkcə formal bir göstərici deyil, həm də iqtisadi etibarlılığın, maliyyə şəffaflığının və idarəetmədə proqnozlaşdırıla bilənliyin sübutudur. Bu, Azərbaycan iqtisadiyyatının daxili sabitliyinin dünya maliyyə sistemində qəbul edildiyini göstərir. Belə bir şəraitdə ölkə iqtisadiyyatına investisiya cəlb etmək, yeni tərəfdaşlıqlar qurmaq və iri layihələri reallaşdırmaq daha asan olur.

Azərbaycanın xarici borcunun aşağı səviyyədə qalması isə iqtisadi suverenliyin və dövlət maliyyə siyasətinin məsuliyyətli şəkildə idarə olunduğunun bariz göstəricisidir. Bu, xüsusilə dəyişkən beynəlxalq maliyyə mühitində dövlətin risklərdən qorunmasını təmin edir. Azərbaycanın borc yükünün azlığı və valyuta ehtiyatlarının çoxluğu həm iqtisadi təhlükəsizlik, həm də siyasi müstəqillik baxımından mühüm strateji üstünlük yaradır. Əslində bu, iqtisadiyyatın yalnız qısamüddətli mənfəət üzərində deyil, uzunmüddətli dayanıqlıq üzərində qurulduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura yönəlik investisiyalardan bəhs etməsi bu siyasətin sosial və strateji yönünü açıq şəkildə ortaya qoyur. Azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri təkcə infrastruktur və iqtisadi canlanma deyil, həm də milli qürur, dövlət gücü və sosial həmrəyliyin simvoludur. Burada iqtisadiyyat siyasi və mənəvi məqsədlərlə qovuşur: bir tərəfdən milli sərvətin ədalətli bölgüsü, digər tərəfdən müharibədən sonra yaranmış reallığın sülh və inkişafla möhkəmləndirilməsi təmin olunur.

Dövlətimizin başçısının beynəlxalq təşkilatlarla bağlı səsləndirdiyi fikirlər isə geosiyasi reallığın dəyişdiyini və dünyanın artıq əvvəlki kimi beynəlxalq hüquqla deyil, güc balansı ilə idarə olunduğunu göstərir. Bu baxış təkcə tənqid deyil, həm də strateji xəbərdarlıqdır: yeni beynəlxalq düzəndə hər bir dövlətin təhlükəsizliyi onun öz gücü və iqtisadi potensialı ilə müəyyən olunur. Güclü iqtisadiyyatın hərbi və siyasi dayanıqlığın təməli olması barədə fikir müasir dünyada reallığı dəqiq ifadə edir.

Bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin çıxışında qeyri–neft sektoru ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın iqtisadi modelinin həm milli maraqlara, həm də qlobal çağırışlara adekvat şəkildə qurulduğunu göstərir.

İqtisadi sabitliyin və dayanıqlı inkişafının növbəti sübutu

2025-ci ilin yanvar-sentyabr ayları Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda əldə olunan real nəticələrlə yadda qalıb. Ölkənin ixrac strukturunda baş verən artım dinamikası, xüsusilə də qeyri-neft ixracının 7,7 faiz yüksələrək 2,6 milyard ABŞ dollarına çatması iqtisadi diversifikasiya siyasətinin artıq dayanıqlı mərhələyə daxil olduğunu göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycanın iqtisadi modelində enerji resurslarından asılılıq tədricən azalır, qeyri-neft sektoru isə milli gəlirin və ixrac gəlirlərinin əsas mənbələrindən birinə çevrilir. Prezident İlham Əliyevin müəyyən etdiyi uzunmüddətli inkişaf kursu – “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində vurğulanan məqsədlər istiqamətində irəliləyiş real göstəricilərlə təsdiq olunur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac icmalı”nın oktyabr sayında yer alan məlumatlar göstərir ki, 2025-ci ilin 9 ayında qeyri-neft ixracının bütün əsas komponentləri üzrə artım qeydə alınıb. Ən mühüm məqam odur ki, artım yalnız bir və ya iki sahə ilə məhdudlaşmır – o, kənd təsərrüfatından sənayeyə qədər geniş bir spektri əhatə edir. Bu, Azərbaycanın iqtisadi sisteminin sabit və çoxşaxəli inkişaf etdiyini sübut edən mühüm göstəricidir.

Qida sənayesində yüksəliş

Yeyinti məhsulları üzrə ixracın 20,5 faiz artaraq 841,4 milyon dollara çatması Azərbaycanın kənd təsərrüfatı sektorunun və ərzaq sənayesinin sinxron inkişafını nümayiş etdirir. Bu artım Azərbaycanın ixracatçı ölkə kimi mövqelərini möhkəmləndirməklə yanaşı, kənd rayonlarının sosial-iqtisadi inkişafına da birbaşa təsir göstərir. Kənd təsərrüfatı məhsullarının ixracı artdıqca, regionlarda məşğulluq səviyyəsi, ailə gəlirləri və yerli istehsalın stimullaşdırılması prosesi də güclənir. Bu dövlətin kənd yerlərində iqtisadi aktivliyin bərpası və Böyük Qayıdış Proqramı ilə sinxron bir siyasətin həyata keçirildiyini təsdiqləyir.

Aqrar və aqrar-sənaye məhsullarının rekord artımı

Hesabat dövründə aqrar məhsullar üzrə ixrac 27,8 faiz artaraq 667,1 milyon dollar olub. Aqrar-sənaye məhsullarında isə göstərici 233,1 milyon dollara çatıb. Ümumi nəticə olaraq, bu iki kateqoriyanın birgə ixracı 19,2 faiz artaraq 900,2 milyon dollara yüksəlib. Bu, qeyri-neft ixracının ümumi dəyərinin təxminən üçdə birini təşkil edir və Azərbaycanın ixrac portfelində aqrar istehsalın strateji paya sahib olduğunu sübut edir.

Dünya ərzaq bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın aqrar ixracındakı artım mühüm nəticədir. Bir çox ölkələrdə qlobal inflyasiya, logistika çətinlikləri və ticarət məhdudiyyətləri şəraitində bu qədər sabit artım yalnız məqsədyönlü dövlət dəstəyi ilə mümkündür.

Sənaye və maliyyə dəyərinin artan mənbəyi

Qeyri-neft ixracında birinci yerdə qızılın dayanması iqtisadi strukturun maraqlı və balanslı tərəfini ortaya qoyur. Belə ki, cari ilin 9 ayında xaricə 238 milyon dollar dəyərində qızıl satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artım deməkdir. Azərbaycanın qızıl ehtiyatları təkcə mədən sənayesinin deyil, həm də strateji valyuta gəlirlərinin vacib hissəsinə çevrilib. Qızıl satışından əldə olunan gəlirlər dövlət büdcəsinə daxil olmaqla, sosial layihələrin maliyyələşdirilməsində və regionlarda iqtisadi aktivliyin artırılmasında istifadə edilir. Bu, Azərbaycanın resurslardan ağıllı və məqsədyönlü istifadə strategiyasının real nəticəsidir.

Coğrafi baxımdan balanslı ixrac xəritəsi

Azərbaycanın qeyri-neft ixracı artıq tək bir regiona deyil, müxtəlif istiqamətlərə yönəlib. Hesabat dövründə Rusiyaya 878,9 milyon, Türkiyəyə 435,8 milyon, İsveçrəyə 247,8 milyon, Gürcüstana 244,8 milyon, Ukraynaya isə 147,3 milyon dollarlıq ixrac həyata keçirilib. Bu, ölkənin iqtisadi diplomatiyasının və beynəlxalq ticarət əlaqələrinin effektivliyini göstərir. Bu baxımdan Rusiya bazarı hələ də əsas istiqamət olaraq qalır, lakin Türkiyə və Gürcüstanla ticarət dövriyyəsinin sabit artımı regional iqtisadi inteqrasiyanın gücləndiyini göstərir. İsveçrə kimi Avropa ölkələrinin ixrac siyahısında ön pillələrdə olması isə Azərbaycanın qeyri-enerji məhsullarının artıq yüksək keyfiyyət standartlarına cavab verdiyini sübut edir.

Azərbaycanın beynəlxalq ticarət əlaqələri həm də yeni logistik dəhlizlərin inkişafı ilə dəstəklənir. Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi ölkənin ixrac infrastrukturunu strateji səviyyədə gücləndirir. Bu infrastruktur siyasəti gələcəkdə qeyri-neft ixracının həcmini daha da artıracaq.

Qeyri-neft sektorunun milli iqtisadiyyata strateji təsiri

Bu artımların hər biri təkcə statistik göstərici deyil, həm də dövlət siyasətinin uğurlu nəticəsidir. Qeyri-neft ixracının artması həm dövlət büdcəsinin sabitliyinə, həm də iqtisadi təhlükəsizliyə töhfə verir. Sözügedın sektordakı artım neft qiymətlərinin dəyişkən olduğu bir dövrdə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını qoruyur, gəlirlərini şaxələndirir və sosial-iqtisadi sabitliyi təmin edir.

Bu siyasət həm də regionların inkişafını balanslaşdırır. Qeyri-neft ixracı əsasən bölgələrdə istehsal olunan məhsullara əsaslandığı üçün iqtisadi artım mərkəzləşmir, əksinə, respublikanın bütün bölgələrinə yayılır. Bu isə “İnkişafın mərkəzdən bölgələrə axını” prinsipi üzərində qurulan yeni iqtisadi mərhələnin formalaşdığını göstərir.

Sabit artımın yeni mərhələsi

2025-ci ilin ilk 9 ayının nəticələri göstərir ki, Azərbaycanın iqtisadi modeli artıq sınaq mərhələsini keçib və dayanıqlı inkişaf trayektoriyasına daxil olub. Qeyri-neft ixracı sahəsində əldə olunan nəticələr iqtisadi siyasətin düzgünlüyünü, idarəetmənin effektivliyini və istehsal potensialının yüksəldiyini nümayiş etdirir.

Yuxarıda bəhs etdiyimiz faktlardan və rəqəmlərdən göründüyü kimi, Azərbaycan bu gün regionda iqtisadi müstəqilliyə nail olmuş nadir dövlətlərdəndir. İxrac strukturundakı diversifikasiya, aqrar-sənaye potensialının artması və sənaye istehsalının modernləşməsi ölkənin iqtisadi gələcəyini təmin edən əsas sütunlardır. Bu inkişaf, eyni zamanda, dövlətin postneft dövrü üçün hazırladığı strateji planların artıq real nəticələr verdiyini sübut edir.

Beləliklə, 2025-ci ilin 9 aylıq qeyri-neft ixrac göstəriciləri yalnız iqtisadi hesabat deyil – bu, Azərbaycanın yeni iqtisadi fəlsəfəsinin göstəricisidir. Bu fəlsəfə dayanıqlılığa, rəqabətə və milli istehsalın güclənməsinə əsaslanır. Ən əsası isə bu uğurlar müstəqil Azərbaycanın güclü iqtisadi siyasətinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatların nəticəsidir.

Nigar Orucova, "İki sahil"