05 noyabr 2025 02:58
100

Azərbaycanın iqtisadi güc, siyasi iradə və regional liderlik layihəsi

Zəngəzur dəhlizinin Ermənistanla sərhədə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatır

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb. O, qeyd edib ki, Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması istiqamətində yerində gərgin iş aparır”.

Bu bəyanat, əslində, son illərin ən mühüm regional layihələrindən birinin artıq icra mərhələsində olduğunu göstərir. Azərbaycanın strateji məqsədi  ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, eyni zamanda, regionun tranzit potensialını artıran Zəngəzur dəhlizinin - “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)nun tikintisi reallığa çevrilmək üzrədir. Hikmət Hacıyevin açıqlaması bu prosesin yalnız planlaşdırma və diplomatik səviyyədə deyil, həm də faktiki icra mərhələsində olduğunu təsdiqləyir. Bu, Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan regionda lider mövqeyini daha da möhkəmləndirən bir hadisədir.

Azərbaycan 2020-ci ilin Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra regionda tamamilə yeni geosiyasi reallıq formalaşdırdı. Bu reallığın mərkəzində təkcə hərbi üstünlük deyil, həm də iqtisadi və logistik cəhətdən yeni strateji əlaqələrin qurulması dayanır. Postmünaqişə dövrünün əsas prioritetlərindən biri bölgədə dayanıqlı sülhün təmin edilməsi, eyni zamanda, nəqliyyat və kommunikasiya xətlərinin açılmasıdır. Məhz bu məqsədlə Zəngəzur dəhlizi ideyası gündəmə gətirildi və qısa zamanda regional və beynəlxalq səviyyədə müzakirə mövzusuna çevrildi.

Əslində, Zəngəzur dəhlizi ideyası tarixi köklərə malikdir. Sovet dövründə Azərbaycanla Naxçıvan arasında mövcud olan dəmir yolu əlaqələri uzun illər əvvəl fəaliyyət göstərirdi. Lakin Ermənistanın aqressiv siyasəti və regionda yaranmış geosiyasi gərginliklər bu əlaqələri tamamilə iflic etmişdi. Nəticədə Azərbaycan ərazisinin mühüm hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqə kəsilmiş, muxtar respublika yalnız İran və Türkiyə üzərindən dünyaya çıxış əldə etmişdi. 2020-ci ilin noyabrında imzalanan üçtərəfli Bəyanat isə bu vəziyyəti dəyişdirən tarixi dönüş nöqtəsinə çevrildi. Bəyanatın 9-cu bəndi açıq şəkildə regiondakı bütün nəqliyyat əlaqələrinin bərpasını, o cümlədən Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz daşımaların təmin edilməsini nəzərdə tutur.

Bu sənəddə qeyd olunan müddəa Zəngəzur dəhlizinin hüquqi əsasını formalaşdırdı. Azərbaycan dövləti həmin müddəadan çıxış edərək dəhlizin inşası ilə bağlı genişmiqyaslı infrastruktur layihələrinə start verdi. Nəticədə bu gün artıq dəhlizin Azərbaycan hissəsində işlər yekun mərhələyə çatır.

Zəngəzur dəhlizi həm də regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm vasitədir. Azərbaycanın bu layihə ilə bağlı yanaşması konstruktiv və qarşılıqlı fayda prinsipinə əsaslanır. Dəhliz anlayışı heç bir ölkənin suverenliyinə təhdid deyil, əksinə, qarşılıqlı iqtisadi fayda və əlaqələrin güclənməsi üçün vasitədir. Azərbaycan tərəfi layihənin yalnız öz maraqlarına deyil, həm də Ermənistan və bütövlükdə regionun inkişafına xidmət edəcəyini bəyan edib.

Təkcə Azərbaycan deyil, bölgə ölkələri, eləcə də Avropa üçün xüsusi əhəmiyyət daşıyan bu layihənin reallaşmasına ABŞ kimi supergücün birbaşa dəstək verməsi onun beynəlxalq səviyyədə qəbul edilən reallığa çevrildiyini göstərir. ABŞ Prezidentinin təşəbbüsü və iştirakı ilə Azərbaycanla Ermənistan arasında imzalanmış Bəyannamə faktiki olaraq Qafqazın geosiyasi çəkisini artırmaqla yanaşı, yeni iqtisadi mərkəzin formalaşmasına şərait yaradır. Regionun dayanıqlı inkişafına xidmət edəcək belə transmilli layihələrin reallaşması təkcə nəqliyyat və logistika imkanlarını genişləndirmir, eyni zamanda, tərəflər arasında əməkdaşlığın daha məzmunlu və uzunmüddətli xarakter almasına təkan verir. Bu zaman iqtisadi potensialın güclənməsi ilə yanaşı, Türk Dövlətləri Təşkilatı (TDT)-yə üzv ölkələr arasında qarşılıqlı investisiyaları təşviq edəcək, ticarət əlaqələrinə yeni nəfəs gətirəcək. Məhz bu mənada TRIPP layihəsi türk dövlətlərini birləşdirən, onların iqtisadi maraqlarını ortaq platformada toplayan müasir əməkdaşlıq modelidir. Bu marşrut yalnız Azərbaycan üçün deyil, eyni zamanda, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər TDT-yə üzv ölkələr üçün də strateji dəyər daşıyır. Türk dünyasının vahid nəqliyyat məkanına çevrilməsi ideyası məhz bu dəhlizin açılması ilə real forma almaqdadır. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars, Orta Dəhliz və Şimal–Cənub nəqliyyat xətləri kimi beynəlxalq marşrutlarla inteqrasiya olunduqda Azərbaycanı regionun ən mühüm logistika qovşağına çevirəcək.

Bununla belə, Ermənistan tərəfi uzun müddət bu layihəyə siyasi və emosional müqavimət göstərdi. Lakin zaman keçdikcə regional reallıqlar dəyişdi və iqtisadi rasionallıq üstünlük qazandı. Hazırda Ermənistan daxilində də müxtəlif dairələr bu layihənin açılmasının qaçılmaz olduğunu etiraf edirlər. Azərbaycan isə bu məsələdə prinsipial və ardıcıl mövqe nümayiş etdirir. Dövlətimiz başçısı İlham Əliyevin Qazaxıstanda keçirilən “Birinci Transxəzər Forumu”nda səsləndirdiyi fikirlər bu baxımdan simvolik idi. Prezident bildirdi ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm də Mərkəzi Asiya ölkələrinin ixrac imkanlarını genişləndirəcək. Bu çıxış, əslində, layihənin artıq regional səviyyədə qəbul olunan və dəstəklənən bir təşəbbüs olduğunu təsdiqlədi. Eyni zamanda, Zəngəzur dəhlizi layihəsi Azərbaycan üçün təkcə iqtisadi deyil, həm də milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəhliz vasitəsilə ölkəmiz öz strateji müstəqilliyini daha da gücləndirir, daxili nəqliyyat çevikliyini artırır və hərbi-logistik baxımdan əlavə üstünlüklər əldə edir. Azərbaycanın müasir dövr üçün müəyyən etdiyi yeni inkişaf modelində bu cür layihələr suverenlik və iqtisadi dayanıqlığın əsas sütunlarından biri hesab olunur.

Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət göstərir ki, Zəngəzur dəhlizi yaxın gələcəkdə Cənubi Qafqazın əsas tranzit arteriyasına çevriləcək. Bununla ölkəmiz həm də “yaşıl nəqliyyat” konsepsiyasına uyğun yeni texnologiyalar tətbiq edəcək. Elektron gömrük, rəqəmsal logistika və avtomatlaşdırılmış idarəetmə sistemləri kimi elementlər layihənin müasir tələblərə uyğun qurulmasına şərait yaradacaq. Bütün bu proseslərin fonunda Azərbaycanın beynəlxalq mövqeyi də daha da güclənəcək. Zəngəzur dəhlizi artıq təkcə regional deyil, həm də Avrasiya nəqliyyat xəritəsinin əsas elementi kimi qəbul olunur. Azərbaycanın geosiyasi mərkəz rolunu möhkəmləndirən bu layihə, həm də ölkənin “birləşdirici güc” kimi yeni identikliyini formalaşdırır.

Nəticə etibarilə, Hikmət Hacıyevin son bəyanatı təkcə texniki bir məlumat deyil, Azərbaycanın strateji məqsədlərinin uğurla reallaşdığını göstərən simvolik bir xəbərdir. Zəngəzur dəhlizi Azərbaycanın iqtisadi gücünü, siyasi iradəsini və regional liderliyini nümayiş etdirən tarixi layihədir. Bu dəhlizin işə düşməsi ilə Azərbaycan nəinki öz daxilində iqtisadi birliyi təmin edəcək, həm də regionun ən mühüm logistika və nəqliyyat mərkəzinə çevriləcək. Ən əsası isə 2028-ci ilə qədər layihənin tam reallaşması yalnız yeni nəqliyyat xətti demək olmayacaq, bu dəhliz Cənubi Qafqazda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması üçün real zəmin yaradacaq. Azərbaycan bu prosesi iradə, plan və uzaqgörənliklə idarə edir. Dəhlizin tamamlanması ölkəmizin yeni inkişaf mərhələsinin, sülh və rifah dövrünün başlanğıcı olacaq.

Nigar Orucova, “İki sahil”