04 noyabr 2025 19:25
128

Bu cür komandaların B planı da olur - Qurban Qurbanov

Sabah böyük komandaya qarşı oynayacağıq.

“İki sahil” xəbər verir ki,  bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda İngiltərənin “Çelsi” klubu ilə keçiriləcək IV tur matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.

O, bu cür komanda ilə qarşılaşmağın Azərbaycan futboluna böyük fayda verəcəyini bildirib: “Sabah yaxşı oyun göstərmək, azarkeşləri sevindirmək istəyirik. “Çelsi”nin Bakıya səfəri futbolumuzun inkişafı üçün önəmlidir”.

Mütəxəssis “Çelsi”nin Bakıda məşqə çıxmamasını normal hal adlandırıb: “Biz bunu dünya futbolunda dəfələrlə görmüşük. Burada saat fərqinin də önəmi var. “Çelsi”də zədəli futbolçuların olmasını özümüz üçün üstünlük hesab etmirik. Çünki bu cür komandaların B planı da olur”.

Baş məşqçi böyük komandalara qalib gəlməyi ölkə futbolu üçün vacib məqam kimi qiymətləndirib: “Təəssüf ki, İngiltərə klublarına qarşı matçlarda qalib gəlməmişik. Məğlub olmamaq böyük zəfərdir. Lakin onlarla üz-üzə gəlmək və təcürübə qazanmaq bizə zövq verir”.

İlk dəfə 2017-ci ildə “Çelsi” ilə qarşılaşdıqlarını xatırladan çalışdırıcı indi də hər iki komanda arasında fərqlərin olduğunu deyib: “İngiltərə futbolu ildən-ilə inkişaf edir. Klub olaraq biz də irəli gedirik. Klublararası dünya çempionatının qalibi ilə Bakıda oynamaq fərqli hissdir”.

Q. Qurbanov start heyətini böyük ölçüdə dəqiqləşdirdiyini vurğulayıb: “Musa Qurbanlının durumuna gəlincə, bu gün səhər məşqlərə start verib”.

“Çelsi”nin baş məşqçisi Enzo Mareskanın mənim haqqımda dediyi xoş sözlərə görə ona təşəkkür edirəm. Bu, rəqibin nə qədər böyük klub olduğunun bariz göstəricisidir”, - deyə mütəxəssis bildirib.

Baş məşqçi türkiyəli jurnalistin “Necə olur ki, “Qarabağ” az büdcə ilə Türkiyənın varlı klublarından daha yaxşı nəticələr qazanır” sualına bu cür cavab verib: “Özümüzü Türkiyə klubları ilə müqayisə etmək istəmirəm. Bütün komandalara hörmətlə yanaşıram. Mən hər zaman düşdüyümüz durumdan çıxmaq üçün planlar qururam”.

Q. Qurbanov biletlərin “qara bazar”da satılması məsələsinə də aydınlıq gətirib: “Mənim bu barədə məlumatım yoxdur. Xəbərim olmadığı üçün danışmaq istəmirəm. Aidiyyəti orqanlar bunu diqqətdə saxlayır”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.