Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində Ark qalası ilə tanış olublar. Bu qala Türküstan ellərinin uzaq keçmişindən xəbər verir. Qala bu ellərin qürur mənbəyidir. Onun olduqca maraqlı tarixi var. Yəni İlham Əliyev və Şavkat Mirziyoyev buraya Türkün tarixinə ehtiramlarını bildirmək üçün gəliblər.

Xatırladaq ki, Yaranışından Türküstan adlandırılan bu böyük ərazidə beş türk dövləti yerləşmişdi. Buxara hökmdarlarının dayağı, arxası olan nəhəng Ark qalası, sanki, dünya yarandığı gündən şəhərin mərkəzində ucalıb. Tarixi sirlərlə dolu Arkın yaşı tam müəyyənləşməsə də, arxeoloji qazıntılara görə, təməli eramızdan əvvəl VI-III əsrlərdə qoyulub. Demək kifayətdir ki, “Avesta”da Ərk qalasının adı çəkilir. Onun eramızın I əsrindən hökmdarların iqamətgahı olduğu məlumdur. Qalanın tikintisində minlərlə qul işləyib. Uzunluğu 789,6, hündürlüyü 16-20 metr, sahəsi 3,96 hektar olan Ark qalası əsrlər boyu Buxara əmirlərinin baş iqamətgahı olub, ölkə buradan idarə edilib. Ərkdə böyük alim, şair və filosoflar – Rudəki, Əbülqasim Firdovsi, İbn Sina, Əl-Fərabi, Ömər Xəyyam yaşayıb-yaradıb. İbn Sina qaladakı kitabxana haqqında bunları yazıb: ”Mən burada əvvəllər heç bir yerdə görmədiyim kitabları tapdım. Mən onları oxudum və hər bir alimin öz elmindəki yerini anladım”. Təəssüf ki, kitabxananın sonrakı taleyi haqqında başqa məlumata rast gəlinmir.
Ark qalası hakimiyyətin, toxunulmazlığın, əzəmətin simvolu olan Registan meydanda ucaldılıb. Şəhər içində şəhər olan Arkda 3000 adam yaşayıb. Saysız-hesabsız müharibələr görən qala dəfələrlə dağıdılsa da, sonradan yenidən tikilib. 1220-ci ildə Çingiz xanın qoşunları Buxaranı ələ keçirdikdə sakinlər qalanın içində gizləniblər, lakin əsgərlər (nökərlər) qalaya girərək oranı qarət etdikdən sonra dağıdıblar.

Əbu Bəhr Narşahi “Buxaranın tarixi” əsərində Ark qalası haqqında yazır: ”Buxara hakimi Bidun buxar-xudat qalanı çoxbucaqlı şəklində tikdirir, amma bir müddət sonra qala dağılır. Hökmdar ağsaqqalları məşvərətə yığır. Onlar qalanı Böyük Ayı bürcünü xatırladan 7 dirək üzərində tikməyi məsləhət görürlər. Bundan sonra qala dağılmır.”
1405-ci ildə cahan fatehi qüdrətli Əmir Teymurun ölümündən sonra hakimiyyət uğründa döyüşlər ərəfəsində nəvəsi Mirzə Uluğbəy və İbrahim Sultan öz xəzinələrini və gözətçilərini də götürüb bu qalaya sığınıblar. Bir ay müddətində qala divarlarını, Qərb və Şərq qapılarını möhkəmlətməklə məşğul olublar.
Qala divarlarından birində Buxara əmirlərinin hakimiyyət simvolu olan dəri qamçı asılırmış. Bu qamçının əfsanəvi qəhrəman Rüstəmə aid olduğu deyilir.
XVI əsrdə Şeybanilər dövründə qalada məscid, salomxana, hərəmxana, musiqi salonu, zərgərlik emalatxanası, geyimləri, zinət əşyalarını mühafizə etmək üçün anbarlar, həmçinin əmirin sarayının Şərq qapıları tikilib.
XVII əsrdə inşa edilən taxt otağı (kurinişxana) üç tərəfdən ağac sütunlar üzərində duran eyvanlarla əhatə olunan kərpic döşəməli həyətdən ibarətdir. Şahnişan adlanan əsas eyvanda əmirin taxtı yerləşib. Burada 1753- cü ildə özbəklərin manqıt qəbiləsindən olan Məhəmməd Rəhim Buxara taxt-tacına sahib olub və ona əmir titulu verilib. Buxara xanlığı Buxara əmirliyi adlanmağa başlayıb. Xarici ölkə səfirləri də burada qarşılanıb.
1920-ci ildə Buxara əmirliyində dövlət çevrilişi olub. Buxara Xalq Respublikası yaradılıb. Sonuncu Buxara əmiri Seyid Əlimxan taxtdan salınıb. Onun tərəfdarları ilə birgə Əfqanıstana qaçdığı deyilir. Sovet hökumətinin Şərq qoşunlarının komandanı Mixail Frunzenin başçılığı altında işğalçı “Qırmızı ordu” havadan Ark qalasına zərbələr endirərək qalanın böyük hissəsini dağıdıb. Arkda başlayan güclü yanğın dörd gün davam edib. Bu günümüzə qalanın yalnız bir hissəsi gəlib çatıb.
O zaman Türküstan adlanan bu ərazinin xalqları milli-azadlıq müharibələri apardı. Bolşeviklər azadlıq mücahidlərini həqarətlə “basmaçı” adlandırır, onları amansızcasına qırırdılar. Belə ağır məqamda Türkiyənin görkəmli hərbi xadimi Ənvər Paşa (Nuru Paşanın böyük qardaşı) könüllü olaraq Türküstana köməyə gəldi. Bir çox döyüşlərdə rus ordusunu məğlubiyyətə uğratdı. Ancaq xalqların qanını içən həyasız bolşeviklər əl çəkmək niyyətində deyildilər.
Ənvər Paşa 19 may 1922-ci ildə Sovet hökumətinə bir ultimatum göndərərək qırmızı ordunun Türküstanı tərk etməsini tələb etdi. Rusların rədd cavabı ilə iki tərəf arasında çarpışma yenidən başladı. Top və pulemyotlardan istifadə edən Ənvər Paşa qüvvələrinin güclü rus ordusunu məğlub etməsi hər tərəfdə səs-küyə səbəb oldu. Ruslar şəhəri tərk edərək qaçmağa başlarkən, Ənvər Paşanın adı bütün Türküstan ellərində dildən-diilə düşdü. Bu zəfərdən sonra Ənvər Paşanın ətrafına yeni qüvvətlər qatıldı. Ancaq iddiaçı böyük qüvvələr köməyə gəlmədilər. Nəticədə döyüş sursatı qurtaran və geri çəkilməyə məcbur qalan Ənvər Paşa tüfəngli rus əsgərləri ilə qılıncla döyüşməli oldu. Ancaq aldığı güllə yarasından vuruşma meydanında igidliklə həlak oldu. Onu uğrunda döyüşdüyü kənd qəbristanlığında dəfn etdilər.
Sovet hökuməti Türküstanı beş yerə böldü və zəif ittifaq dövlətləri təşkil etdi. Yetmiş il Qazaxıstanı, Özbəkistanı, Türkmənistanı, Qırğızıstanı və Tacikistanı soyub taladı, varidatını daşıdı. Ancaq bunlar tarixdə qaldı.
Bu gün Özbəkistan inkişaf etmiş müstəqil dövlətdir. Heç kəs onun daxili və xarici işlərinə qarışa bilməz. Çünki o, kökü dərinə işləmiş ulu bir dövlətin varisidir, özünün zəngin dövlətçilik təcrübəsi var. Qürur mənbəyimiz olan Ark qalasından başlanan yol Özbəkistanı, özbək qardaşlarımızı xoşbəxt gələcəyə aparacaqdır.
Vəli İlyasov , “İki sahil”