Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi yığıncağındakı çıxışında Ermənistanla münasibətlərdən də danışdı. Bir necə vacib mesaj verdi. O sırada çar Rusiyasının da xəritələrinə əsasən indiki Ermənistan ərazisinin qədim türk yurdu olduğunu bir daha diqqətə çatdırdı. Çünki o xəritələr tərtib edilləndə Yer kürəsində Ermənistan adlı dövlət mövcud deyildi. Azərbaycanın xanlıqlar dövründəki zəifliyindən, birlik olmamasından istifadə edərək çarlar o qondarma dövləti Türkiyə ilə Azərbaycanın, eləcə digər türk ölkələrinin arasına pərçimləmişdilər. Məqsəd Türkiyəni türk aləmindən ayırmaq və zəiflətmək idi.
Azərbaycan isə hövsələsini indi də saxlayır, o torpaqlara ermənilər əsasən Anadoludan və İrandan köçürülüb gətirilmə olsalar da, yenə beynəlxalq hüquqa sadiqdir. Yəni, dövlətimiz yenə də ermənilərə ağıllı olmağa vaxt və imkan verir. Ağıllı olsalar gərək baş nazir Nikol Paşinyanın dediyi “real Ermənistan”ın qədrini bilsinlər, “Dəmir yumruq”dan düzgün dərs götürüb sülh müqaviləsinin imzalanmasını gecikdirməsinlər. Yoxsa hayları yaxşı gələcək gözləməz. Vaxtilə Ermənistanı qızışdırıb ortaya salanların, kömək barədə yalan vəd verənlərin çoxu 2020-ci məğlubiyyətindən sonra gözə dəymir. Azərbaycanın hərbi qüdrətini görəndən sonra sakitləşiblər.
Prezident İlham Əliyev çıxışında Ermənistandan zorla qovulmuş azərbaycanlılardan da söz açaraq bildirdi ki, Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar: “Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”.
Doğrudan da soydaşlarımız yaşadıqları ölkənin qanunlarına, konstitusiyasına həmişə riayət ediblərsə hansı qorxudan və ya riskdən söhbət gedə bilər? Dövlətimizin başçısının qeyd etdiyi kimi, azərbaycanlılar tarix boyu yaşadıqları ölkənin qanunlarına əməl ediblər. Bunun əksini isbatlayan hər hansı dəlil-sübut ortada olmayıb və yoxdur. İki yüz ildir ki, pozulan yalnız azərbaycanlıların hüquqları və ərazi bütövlüyüdür. O səbəbə Prezident əmin-arxayın deyir ki, azərbaycanlıların qayıdışı erməni xalqını və dövlətini qorxutmamalıdır. Doğrudan da ermənilər belə qorxurdularsa onda ərazilərimizi hansı cəsarətlə işğal edirdilər? “Donuzlarımız Kürdən su, özümüz isə Bakıda çay içəcəyik” deyirdilər?
Məsələ də ondadır ki, baş nazir Nikol Paşinyan bir neçə gün əvvəl İrəvandakı forumda çıxışı zamanı ermənilərin Qarabağa qayıdışı məsələsinin gündəmə gətirilməsini tam əksinə, sülh üçün riskli saydığını deyib: “Artıq söyləmişəm, geri dönüş mövzusunu sülh üçün zərərli hesab edirəm. Həmçinin bildirmişəm ki, onların qayıdışı məsələsi təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir”.
Burada bir məntiq var. Əsl reallıq belədir ki, əgər soydaşlarımız öz dədə-baba yurdlarından hələ ötən əsrin 90-cı illərin sonu, 94-cü illərinin əvvəllərində, özü də vəhşicəsinə çıxarılıblar, amma Azərbaycandakı ermənilərə qarşı heç bir zorakılıqlar törədilməyib. Onların hətta öz mülklərini satmalarına, dəyişmələrinə və təhlükəsiz şəraitdə getmələrinə imkan yaradılıb. Qarabağın erməni əhalisi də 2023-cü ilin sentyabrında öz xoşu ilə, könüllü surətdə çıxıb gedib, ğzü də az qala gül-çiçəklə yola salınıb. Köçənlərdən bircə nəfər də zorla qovulduğunu, təhqir edildiyini, ona xəsarət yetirildiyini, malının-mülkünün zorla əlindən alındığını iddia etməyib və edə də bilməz. Çünki belə fakt olmayıb.
Ancaq Ermənistan ərazisində yaşayan 300 min nəfər azərbaycanlı onlara edilən vəhşilikləri haqq etməmişdi. Onlar separatçılıq etməmiş, Ermənistan ərazisində ikinci dövlət qondarmağı xəyallarına belə gətirməmişdilər. Lakin “saqqallı” daşnakların zülmündən qaçmağa məcbur qaldılar. Dinc, hər yerdə qanuna tabe olan azərbaycanlılardan fərqli olaraq, Qarabağdakı separatçı kütlə dövlətimizə və xalqımıza qarşı 35 il ərzində (1988-2023) olmazın oyunlardan çıxmış, görünməmiş bəşəri cinayətlər törətmişdilər. Qısaca desək, qayıtmamaqda ermənilər öz “işlərini” yaxşı bilirlər. Necə deyərlər, dalaşanda barışmağa üz saxla. Ancaq Qarabağda yaşayan ermənilərin demək olar ki, hamısı havadarlarının planına əsasən qanlı cinayətlərdə iştirak ediblər, barışmağa üz saxlamayıblar. Məhz bu səbəbdən də Qarabağa qayıtmaq istəmirlər. Bilirlər ki, onları Azərbaycanda ədalət məhkəməsi gözləyir.
Azərbaycanlı qaçqınların isə təbii ki, belə problemi və ya qorxacaq əməlləri yoxdur. Üstəgəl, biz nəinki ermənilərə, başqa heç bir topluma qarşı etnik təmizləmələr, soyqırımları həyata keçirməmiş, Ermənistanın bir qarış ərazisini belə işğal etməmişik. İkinci Qarabağ müharibəsində də buna getmədik, qisas hissinə qapılıb dinc əhaliyə toxunmadıq, onların təhlükəsiz köçmələrinə şərait yaratdıq. Axı, biz dünyanın tolerant ölkəsiyik, mədəni, sivil xalqıq, azərbaycanlıyıq...
Vəli İlyasov, “İki sahil”
Regionun gələcəyinə, sülhün və birgəyaşayışın bərpasına yönəlmiş strateji mesaj
Azərbaycan elminin inkişafı Prezident İlham Əliyevin strateji idarəetməsinin mühüm nəticəsidir
AMEA-nın rolunda dönüş və ölkənin elmi-strateji prioritetləri - 80 ilin nəticəsi