05 noyabr 2025 19:40
91

Hafiz Paşayev: İtaliya-Azərbaycan Universiteti ölkəmizin təhsil sistemində mühüm yeniliyi ifadə edir

Artıq Azərbaycanda İtaliya-Azərbaycan Universiteti ifadəsi leksikona daxil olub və bu, ölkəmizin təhsil sistemində mühüm yeniliyi ifadə edir.

“İki sahil” xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev ADA Universitetində təşkil edilən “Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalında deyib. O bildirib ki, bu layihə böyük əhəmiyyət daşıyır: “Məqsədimiz odur ki, İtaliyadakı təhsil səviyyəsini burada da tətbiq edək. Bildiyiniz kimi, İtaliyanın LUIS Universiteti ilə xüsusi proqramımız var. Necə ki, italyanlar istehsal etdikləri məhsullara qürurla “Made in Italy” yazırlar, biz də çalışmalıyıq ki, “Made in Azerbaijan” brendini formalaşdıraq”.

Rektor qeyd edib ki, ölkənin müxtəlif rayonlarında təhsil müəssisələrinin inşası və yenidənqurulması istiqamətində işlər davam etdirilir: “Biz rayonlarda da təhsil ocaqları tikir və onları müasir tələblərə uyğun şəkildə hazırlayırıq. Qarşıda çox böyük layihələr var və biz bu işləri də uğurla həyata keçirməliyik. Bu proseslərə tələbələr də cəlb olunacaq ki, onlar üçün bu, yaxşı bir təcrübə olsun”.