06 noyabr 2025 21:59
80

YAP Biləsuvar rayon təşkilatı Zəfər Gününə həsr olunmuş tədbir keçirib

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, ərazi partiya təşkilat sədrləri və bir qrup şəhid valideyni iştirak ediblər.

“İki sahil” xəbər verir ki, çay süfrəsi arxasında keçirilən tədbirdə giriş nitqi edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı  tədbir iştirakçılarını Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edib. Qeyd edilib ki, xalqımız artıq 5-ci ildir ki, Azərbaycanın ən yeni tarixinin - şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır. 8 Noyabr – Zəfər Gününün birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunduğunu bildirərək, bu böyük qələbənin Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhid və qazilərimizin sayəsində, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsilə qazanıldığını vurğulanıb. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini, yaşayış evləri, yol-nəqliyyat, iqtisadi infrastruktur sahələrinin sürətlə bərpa edildiyini, ən əsası işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin  müasir standartlara uyğun həyata keçirildiyi qeyd olunub.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib. 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsini, Xankəndində, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızın qaldırılmasının qürurverici bir an olduğunu, bu günlərdə isə Zəfərimizin 5-ci ildönümü münasibətilə   hərbi paradın Bakıda keçirilməsinin xalqımızın qüdrətini, ordumuzun rəşadət və hünərini bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb. Xalqımızın müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin artıq dövlətimizin bir rəmzinə çevrildiyini vurğulayıb.

Zəfər bayramı münasibətilə təşkil olunan tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, şəhid ataları, ərazi partiya təşkilat sədrləri və digər iuştirakçılar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın dövlət rəhbərimizin ətrafında sıx birləşdiyini vurğulayıblar.

Tədbirdə Təzəkənd kənd ərazi partiya təşkilatının sədri Rüdinil Bağırov 65 illik yubileyi münasibəti ilə YAP Biləsuvar rayon təşkilatının qarşısındakı uzunmüddətli səmərəli xidmətlərinə görə “Təşəkkürnamə” ilə təltif edilərək ona hədiyyə təqdim edilmişdir.

Tədbirin sonunda xatirə şəkli çəkildi.