07 noyabr 2025 10:04
56

Azərbaycan Konstitusiyası – Ümumbəşəri Dəyərlərlə Milli Ənənələrin Vəhdəti

Dövlətin hüquqi və siyasi əsaslarını müəyyən edən əsas qanun – Konstitusiya – hər bir cəmiyyətin ideoloji, mənəvi və tarixi kimliyinin ifadəsidir. Azərbaycan Respublikasının Konstitusiyası da məhz bu mənada ümumbəşəri dəyərlərlə milli ənənələrin sintezini əks etdirən mükəmməl hüquqi sənəddir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, müasir dövrdə Azərbaycan dövlətçiliyinin ideoloji, hüquqi və demokratik əsaslarını təmin edən fundamental sənəddir.

Heydər Əliyev bu sənədi sadəcə hüquqi norma toplusu kimi deyil, həm də Azərbaycan xalqının suveren iradəsinin, azadlıq ruhunun və tarixi ənənələrinin təcəssümü kimi qiymətləndirirdi. Onun “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək...” fikri, bu sənədin mahiyyətini və dövlətin strateji istiqamətini elmi baxımdan ifadə edir.

1990-cı illərin əvvəlləri Azərbaycan tarixində mürəkkəb, eyni zamanda dönüş nöqtəsi olan bir dövr idi. Dövlət müstəqilliyi bərpa edilsə də, siyasi, iqtisadi və sosial sahələrdə dərin böhran hökm sürürdü. Müstəqilliyini yenicə bərpa etmiş dövlətin gələcək inkişafını təmin edən hüquqi baza yox idi.
Belə bir şəraitdə, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev dövlətin möhkəmlənməsi, idarəetmə sisteminin hüquqi əsaslarının qurulması və demokratik dövlət modelinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atdı.1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumu nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, müstəqil Azərbaycanın siyasi sisteminin, vətəndaş hüquq və azadlıqlarının təminatçısına çevrildi. Bu sənədin hazırlanması prosesi hüquqi mədəniyyətin yüksəldilməsi və demokratik prinsiplərin cəmiyyətə inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb etdi.

Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan Respublikası postsovet məkanında ilk müstəqil konstitusiyalardan birinə malik olan dövlət kimi tarixə düşdü. Bu sənəd dövlət quruculuğu prosesini hüquqi əsas üzərində formalaşdırdı, insan və vətəndaş hüquqlarını ali dəyər səviyyəsinə yüksəltdi.

Azərbaycan Konstitusiyası həm milli dəyərlər, həm də ümumbəşəri prinsiplər üzərində qurulmuşdur. Bu baxımdan o, Qərb demokratiyası və Şərq mədəniyyətinin harmoniyasını özündə birləşdirən unikal modeldir.

Eyni zamanda, Konstitusiyada milli ənənələrə və mənəvi dəyərlərə də xüsusi yer verilib. Dövlətin rəmzləri – üçrəngli bayraq, gerb və himn, dövlət dilinin Azərbaycan dili olması, vətəndaşların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi kimi müddəalar Azərbaycan xalqının tarixi kimliyinə söykənən prinsiplərdir.Bu, Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin mühüm tərkib hissəsi olan “milli dövlət, milli mənlik, milli dəyərlərə sədaqət” ideyasının hüquqi müstəviyə keçididir.

Konstitusiyada həmçinin ailə, təhsil, mədəni irs, dini tolerantlıq kimi sahələrdə milli ənənələrin qorunmasına yönəlmiş maddələr də yer alır. Bu, hüquqi sistemin yalnız formal deyil, həm də mənəvi dayaqlara əsaslandığını sübut edir.

Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də dövlətin idarəetmə modelini və inkişaf strategiyasını müəyyən edən əsas ideoloji mənbədir.
Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin bölünməsi prinsipinə əsaslanır – qanunverici (Milli Məclis), icraedici (Prezident) və məhkəmə hakimiyyəti arasında tarazlıq təmin edilir. Bu struktur müasir hüquqi dövlətin vacib elementidir.

Konstitusiyada dövlətin iqtisadi, sosial və mədəni inkişafına dair müddəalar da əks olunub. Sosial dövlət prinsipi, sahibkarlığın müdafiəsi, əmək hüququ, gender bərabərliyi və ətraf mühitin qorunması kimi məsələlər bu sənədin humanist xarakterini nümayiş etdirir.

Konstitusiyanın təsir gücü yalnız hüquqi sferada deyil, həm də ictimai şüurun formalaşmasında özünü göstərir. Bu sənəd Azərbaycan vətəndaşının dövlət qarşısında məsuliyyətini, vətənə sədaqət hissini, qanuna hörməti artırmış, vətəndaşlıq düşüncəsini dərinləşdirmişdir.

Heydər Əliyev Konstitusiyanın təkcə müəllifi deyil, həm də onun həyata keçirilməsinin təminatçısı idi. Onun rəhbərliyi ilə qəbul edilən bu sənədin yaşaması və təkmilləşməsi üçün hüquqi mexanizmlər yaradıldı.
Ulu Öndərin “Konstitusiyanın aliliyi təmin edilməlidir” prinsipi bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Sonrakı illərdə Konstitusiyaya edilən dəyişikliklər də dövlətin dinamik inkişafına uyğunlaşdırılıb. 2002, 2009, 2016-cı illərdə keçirilən referendumlar nəticəsində dövlət idarəetməsinin müasir tələblərə uyğun təkmilləşdirilməsi təmin olundu.
Bu dəyişikliklər Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət modelinin Prezident İlham Əliyev tərəfindən müasir reallıqlara uyğun davam etdirilməsini göstərir. Bu gün Azərbaycan Respublikası BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində insan hüquqları və demokratik idarəetmə prinsiplərini qorumağa sadiqdir. Bu, Konstitusiyanın beynəlxalq hüquqi məkanla uzlaşmasının bariz sübutudur.

Azərbaycan Respublikasının Konstitusiyası – xalqımızın azadlıq iradəsinin, dövlətçilik ənənələrinin və müasir inkişaf strategiyasının hüquqi ifadəsidir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən bu sənəd ümumbəşəri dəyərləri və milli ənənələri vəhdətdə birləşdirərək, dövlətin siyasi və hüquqi sabitliyini təmin etmişdir.

Bu gün Konstitusiya yalnız hüquq sistemi üçün deyil, həm də ideoloji və mənəvi istiqamət kimi dəyər daşıyır. O, Azərbaycan cəmiyyətinin müasir inkişaf konsepsiyasını, dövlətin demokratik və sosial mahiyyətini müəyyənləşdirir.

Heydər Əliyevin uzaqgörənliyi nəticəsində yaradılan bu Konstitusiya, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də dövlətin davamlı inkişafının, sabitliyin və hüquqi nizamın qarantı olaraq qalır.Beləliklə, Azərbaycan Konstitusiyası dünənin təcrübəsini, bu günün reallıqlarını və sabahın perspektivlərini birləşdirən, milli dövlətçiliyimizin əbədi hüquqi və mənəvi dayağıdır.

Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının fəalı