07 noyabr 2025 21:58
97

YAP Nəsimi rayon təşkilatından Dövlət Bayrağı Meydanına ziyarət

Azərbaycanda hər il noyabrın 9-u qeyd edilən Dövlət Bayrağı Günü ilə əlaqədar cari ilin 7 noyabr tarixində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının rəhbərliyi, aparatı və yerli təşkilatın fəal üzvləri Dövlət Bayrağı Meydanını və orada yerləşən Bayraq Muzeyini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, ziyarət zamanı qonaqlara Dövlət Bayrağı Meydanı və Bayraq Muzeyinin yaranma tarixi, məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Dövlət Bayrağı Muzeyində milli dövlətçilik tariximizi əks etdirən dəyərli eksponatlar nümayiş olunur.

Ziyarət zamanı Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək bildirdi:

“Dövlət Bayrağı Azərbaycanın milli kimliyinin, suverenliyinin və azad ruhunun rəmzidir. Biz bu gün yalnız tarixi eksponatlarla tanış olmadıq, həm də dövlətçilik ideologiyamızın keçdiyi şərəfli yola bir daha nəzər saldıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində üçrəngli Dövlət Bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Bu, hər birimizin qəlbində yüksək qürur və məsuliyyət hissi yaradır. Dövlət Bayrağımızı uca tutmaq, onu qorumaq və gələcək nəsillərə sevgi ilə ötürmək bizim borcumuzdur.”

Gənclər və təşkilat üzvləri muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin və xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, XVII-XVIII əsrlərə aid bayraq ucları və gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul edilmiş konstitusiyaları, poçt markaları, pul nişanları, orden və medallar və Azərbaycan Respublikası Prezidentinin ştandartının nümunəsi ilə də tanış olublar.

Ekspozisiyada ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsi, Prezident İlham Əliyevin ölkəmizin inkişafı və möhkəmlənməsi istiqamətində gördüyü işləri əks etdirən foto və sənədlər də xüsusi yer tutur.