Beş il ərzində dövlətin sosial siyasətinin ən uğurlu nümunələrindən birinə çevrilən “YAŞAT” Fondu təkcə sosial layihə kimi deyil, həm də mənəvi dəyər, milli həmrəyliyin rəmzi kimi formalaşıb
Azərbaycan xalqı Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə öz tarixində yeni bir mərhələyə qədəm qoydu. Bu Qələbə dövlətimizin gücünü, xalqımızın birliyini, ordumuzun rəşadətini təcəssüm etdirir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı bu tarixi zəfərin bünövrəsini təşkil etdi. Bu gün həmin Zəfərin ideya dayaqları – Vətənə sədaqət, şəhidliyə ehtiram və insana qayğı prinsipləri dövlət siyasətində ardıcıl şəkildə həyata keçirilir. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu istiqamətdə atılmış ən mühüm addımlardan biri Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondunun yaradılmasıdır. Fondun əsas məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş və ya sağlamlığını itirmiş qəhrəmanların ailələrinə dəstək göstərmək, onların sosial rifahını yüksəltmək, həyat şəraitlərini yaxşılaşdırmaqdır. “YAŞAT” Fondunun yaranması Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə münasibətdə sistemli, şəffaf və uzunmüddətli siyasətinin bariz təzahürüdür.
Beş illik fəaliyyəti dövründə “YAŞAT” Fondu minlərlə şəhid ailəsinə və qaziyə mənzil, müalicə, təhsil, psixoloji dəstək, sosial reabilitasiya və məşğulluq istiqamətlərində geniş yardım göstərib. Fondun vasitəsilə yüzlərlə şəhid övladı ali təhsil almaq üçün dəstək əldə edib, qazilərimizin reabilitasiya və protez təminatı həyata keçirilib, xarici ölkələrdə müalicə və bərpa proqramları təşkil olunub. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmiş, həmçinin müharibə əlillərinə minik avtomobilləri verilmişdir. Qeyd edək ki, indiyə qədər “YAŞAT” Fonduna 95 milyon 151 min 480 manat pul toplanıb. Həmin məbləğin 93 milyon 213 min 8 manatı müvafiq istiqamətlər üzrə xərclənib. Fondun məlumatına görə, indiyədək fondun əməkdaşları tərəfindən 18 min 362 nəfər ziyarət olunub. Ziyarət olunanlardan 3 min 5 nəfəri şəhid ailəsidir. Həmçinin 7 min 776 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə 18 min 670 nəfər öhdəliyə götürülüb. Bu illər ərzində 18 min 453 nəfərin müraciəti təmin edilib və 92 min 212 ödəniş reallaşdırılıb. Ödənişlərin 44,69 faizi məişət şəraitinin yaxşılaşdırılması, 40, 01 faizi tibbi xərclərə, 7, 55 faizi borc öhdəliklərinə, 7, 21 faizi təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə aiddir. Fond tərəfindən reallaşan hər bir layihə dövlətin və xalqın şəhidlərimizə olan dərin ehtiramının və “Heç kim unudulmayacaq” prinsipinin real ifadəsidir. “YAŞAT” Fondu həm də milli həmrəyliyin rəmzidir. Fondun ianə sistemi vasitəsilə minlərlə vətəndaş, şirkət və qurum bu nəcib missiyaya könüllü qoşulub. Cəmiyyətin bütün təbəqələrindən gələn bu dəstək bir daha göstərdi ki, xalqımız şəhid ailələrinin və qazilərin yanında olmağı öz borcu sayır.
Göründüyü kimi, beş il ərzində “YAŞAT” Fondu dövlətin qayğı siyasətinin ən uğurlu nümunələrindən birinə çevrilib. Fond şəhid ailələrinin, qazilərin və onların övladlarının həyatına sevinc, sabaha inam və güvən gətirib. “YAŞAT” Fondu 2021-ci ildən Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə bu istiqamətdə uğurla fəaliyyət göstərir. Bu layihə nəticəsində bir çox qazilər ali və orta ixtisas məktəblərinə qəbul olunublar. Onlar üçün ödənişsiz hazırlıq kursları, metodik materiallar və sınaq imtahanları təşkil edilir. Bu günə qədər 22 qazi ali və orta ixtisas təhsilinə qəbul olub, 8 nəfər isə hazırda kurslarda təhsilini davam etdirir. Bu, yalnız qiymətləndirmə fəaliyyəti deyil, həm də bu insanlara yeni bir başlanğıc bəxş etməkdir. Şəhid övladları dab u qayğıdan yararlanır. Hər il onlarla görüşlər təşkil edilir, psixoloji dəstək proqramları, maarifləndirici təlimlər və erkən peşə seçimi üzrə layihələr həyata keçirilir. Bu illər ərzində 781 şəhid övladı bu fəaliyyətlərə cəlb olunub, onlara təxminən 5500 dərs vəsaiti, test toplusu və digər materiallar təqdim edilib. 2025-ci ildən etibarən şəhid övladlarının maraq və bacarıqlarını daha dərindən öyrənmək məqsədilə hazırlanan peşə seçimi aləti ilk dəfə məhz bu uşaqlara təqdim olunub. Bakıda 53, regionlarda isə 95 şəhid övladı bu prosesdə iştirak edib.
Beləliklə, dövlətin gücü ilə xalqın mərhəmətinin birləşməsi nəticəsində “YAŞAT” Fondu təkcə sosial layihə deyil, həm də mənəvi dəyər, milli həmrəyliyin rəmzi kimi formalaşıb. Şəhidlərimizin əmanəti olan gəncləri savadlı, vətənpərvər və azad ruhlu yetişdirmək üçün görülən hər bir iş zəfərin mənəvi davamıdır. Çünki şəhidlərimiz gənclərimizin gələcəyi üçün öz həyatlarını qurban veriblər.
Sevinc Azadi, “İki sahil”