Məhz bu səbəbdən 8 Noyabr Zəfər Günü dövlət səviyyəsində əbədiləşdirildi çünki o gün yalnız bir şəhərin azadlığı deyil, bütöv bir millətin öz tarixi torpaqlarının zirvəsinə qovuşması günü idi
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətində və dövlətçilik fəlsəfəsində qoyulmuşdu. XX əsrin sonlarında müstəqilliyini yenicə bərpa edən Azərbaycan üçün bu yol həm siyasi müstəqilliyin möhkəmləndirilməsi, həm də torpaq bütövlüyünün bərpası anlamına gəlirdi. Heydər Əliyevin hakimiyyəti dövründə dövlətin ideoloji dayaqları, milli ordunun əsası və strateji düşüncə məktəbi formalaşdırıldı. Azərbaycanın dövlətçilik sistemi elə bu təməllər üzərində quruldu. Gələcəkdə onun hərbi, iqtisadi və diplomatik gücü Zəfərə gedən yolun əsasını təşkil etdi. O illərdə dövlətin siyasi və hüquqi sütunlarının möhkəmləndirilməsi, milli ordu quruculuğunun başlanması, beynəlxalq aləmdə Azərbaycanın suverenliyinin tanıdılması və müdafiəsi üçün atılan addımlar əslində gələcək Qələbənin təməl mərhələsi idi.
Bu yol Heydər Əliyev yoludur
Sonrakı illərdə Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji kursu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirdi. Bu, yalnız davamlı siyasət deyil, həm də məqsədyönlü bir dövlətçilik fəlsəfəsinin praktik təzahürü idi. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdən etibarən Azərbaycanın iqtisadi gücünü artırmaqla, ordunun modernləşməsi üçün güclü maliyyə və texnoloji baza yaratmaqla Qarabağ məsələsinin həllinə real zəmin hazırladı. İqtisadi islahatlar, neft və qaz gəlirlərinin səmərəli idarə olunması, infrastruktur layihələri və beynəlxalq tərəfdaşlıqlar nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövləti səviyyəsinə yüksəldi. Ordunun silah-sursatla təminatı, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, müasir hərbi idarəetmə sistemlərinin tətbiqi və milli ruhun gücləndirilməsi istiqamətində ardıcıl siyasət aparıldı.
Bu illər ərzində Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, regional proseslərin taleyini müəyyən edən dövlətə çevrildi. Məhz bu güc sayəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın icra olunmamış qətnamələrini 2020-ci ildə öz ordusu və siyasi iradəsi ilə həyata keçirdi. Qarabağ Zəfəri yalnız hərbi əməliyyatların uğuru deyildi, bu, milli birliyin, dövlət strategiyasının və Prezidentin qətiyyətli liderliyinin məntiqi nəticəsi idi. Azərbaycan xalqının öz Lideri ətrafında yumruq kimi birləşməsi, Vətən müharibəsinin mənəvi dayağına çevrildi. “Dəmir yumruq” ifadəsi artıq yalnız rəmz deyil, dövlət və xalq iradəsinin birləşmiş gücünün simvoluna çevrildi.
Şuşasız bizim işimiz yarımçıq qalardı
Vətən müharibəsinin gedişində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalardı. Bu fikrin arxasında dərin strateji məna dayanırdı. Çünki Şuşa təkcə hərbi məqsəd deyil, həm də mənəvi yüksəklik, Azərbaycanın dövlətçilik yaddaşının, milli kimliyinin simvolu idi. Müharibənin 44 günü ərzində ordumuz Şuşaya doğru irəliləyərkən bu şəhər həm strateji məqsəd, həm də milli ruhun qayəsi kimi görülürdü. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı azad etməklə təkcə hərbi baxımdan üstünlük qazanmadı bu, bütöv xalqın qürurunun bərpası, 30 illik ədalətsizliyin sonu idi.
Şuşa əməliyyatı müasir hərb tarixinin ən unikal əməliyyatlarından biri kimi dəyərləndirilir. Azərbaycan əsgəri sıldırım qayalardan, keçilməz meşələrdən keçərək, dar yollarla irəliləyərək düşməni Qarabağın döyünən qəlbindən iti qovan kimi qovdu. Bu əməliyyat ordunun yüksək döyüş ruhunu, hərbi peşəkarlığını və rəhbərliyin strateji zəkasını nümayiş etdirdi. Şuşanın azad edilməsi ilə Azərbaycan Qələbənin zirvəsinə çatdı və bu zəfərin memarı, Ulu Öndərin başladığı işi məntiqi sonluğa çatdıran Prezident İlham Əliyev oldu. Məhz bu səbəbdən 8 Noyabr Zəfər Günü dövlət səviyyəsində əbədiləşdirildi. Çünki o gün yalnız bir şəhərin azadlığı deyil, bütöv bir millətin öz tarixi torpaqlarınnı zirvəsinə qovuşması günü idi.
Bəzi beynəlxalq dairələr və analitiklər 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatdan sonra status-kvonun dəyişməz qalacağını zənn edirdilər. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, Azərbaycan qətiyyətindən dönmür. 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbiri bir daha sübut etdi ki, Azərbaycan öz suverenliyini tam təmin etmək əzmindədir. Cəmi 23 saat 48 dəqiqə davam edən əməliyyat nəticəsində Qarabağda separatçı qurumun qalıqları birdəfəlik məhv edildi. Bu hadisə çağdaş tariximizdə Prezident İlham Əliyevin siyasi iradəsinin və dövlətin strateji planlaşdırma qabiliyyətinin parlaq göstəricisidir. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində, legitim şəkildə apardığı bu əməliyyat regionda yeni reallıq yaratdı və Ermənistanı sülh gündəliyinə yönəlməyə məcbur etdi.
Bu gündən gələcəyə körpü
Azad Şuşa bu gün Azərbaycanın bərpa və dirçəliş simvoluna çevrilib. Qalib dövlətin mədəniyyət paytaxtı olan bu qədim şəhər yeni həyatın, milli dirçəlişin nəfəsini daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə salınan 101 kilometrlik Zəfər yolu təkcə fiziki nəqliyyat əlaqəsi deyil bu yol Azərbaycanın iradə və inad yoludur. Şuşaya gedən bu yol bir millətin tarixə, ədalətə və kimliyinə dönüş yoludur. Burada hər bir tikinti, hər bir bərpa işinin arxasında siyasi məna dayanır.
2021-ci ildə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, daha sonra 2022-ci ilin “Şuşa İli”, 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı”, 2026-cı ildə isə “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” kimi elan olunması göstərir ki, Şuşa artıq beynəlxalq səviyyədə mədəni diplomatiyanın, sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib. Bu ardıcıl uğurlar Azərbaycanın yumşaq güc siyasətinin uğurlu nəticəsidir.
Şuşanın gələcəyi isə artıq şəhərin 2040-cı ilədək alan dövrü əhatə edən Baş planında öz əksini tapıb. Nazirlər Kabinetinin təsdiq etdiyi Baş plan şəhərin ekoloji tarazlığını qorumaqla yanaşı, müasir urbanist yanaşmanı özündə birləşdirir. Tarixi abidələrin qorunması, turizm infrastrukturunun inkişafı, sosial xidmətlərin əlçatan olması və yaşıl şəhər konsepsiyasına uyğun bərpa işləri aparılır. Bu, təkcə şəhərsalma planı deyil — dövlətin strateji baxışının, gələcək nəsillərə yönəlmiş milli vizyonunun göstəricisidir.
Şuşa bu gün yalnız bərpa olunan bir şəhər deyil, həm də Azərbaycanın gələcək inkişaf fəlsəfəsinin mərkəzinə çevrilib. Burada dövlətin, xalqın və mədəniyyətin birləşdiyi yeni mərhələ başlayıb. Bərpa olunan hər bina, qaldırılan hər bayraq, açılan hər küçə təkcə fiziki yenidənqurma deyil, həm də mənəvi intibahın təcəssümüdür. Qədim Şuşa artıq Azərbaycanın deyil, bütün Türk dünyasının, İslam mədəniyyətinin və bəşəri irsin paytaxtıdır.
Bu Zəfər həm də gələcəyə mesajdır. Azərbaycan dövlətçiliyi tarixə yalnız qələbələrlə deyil, həm də ədalət və dirçəliş fəlsəfəsi ilə yazılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın müasir inkişaf modeli suverenliyin, milli həmrəyliyin və güclü idarəetmənin birliyinə əsaslanır. Şuşa Zəfəri bu modelin ən parlaq sübutudur.
Şuşaya hər bir səfər…
Şuşa ötən 5 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında yalnız azad olunmuş şəhər deyil, yenidən doğulmuş Azərbaycan mədəniyyətinin, dövlət iradəsinin və türk birliyinin rəmzinə çevrilib.
Müzəffər Ali Baş Komandanın Şuşaya hər səfəri əslində bir mərhələnin yekunu, növbəti inkişaf dövrünün başlanğıcı olub. İlk səfərlərdə dağıdılmış şəhərin yaralarını görən Prezident qısa müddət ərzində həmin yerləri həyatla dolu mərkəzlərə çevirdi. Şuşada bayrağın ucaldılması ilə başlayan bu yol bu gün bərpa olunmuş məscidlər, açılan məktəblər, muzeylər, mehmanxanalar, yaradıcılıq mərkəzləri, konfranslar və beynəlxalq tədbirlərlə zəngin bir həyatın təntənəsinə çevrilib. Hər səfər yeni bir layihənin açılışı, bir mədəniyyət abidəsinin dirçəlişi, bir beynəlxalq həmrəyliyin nümayişi ilə yadda qalıb. Bu şəhər artıq yalnız tarixin deyil, gələcəyin də paytaxtına çevrilib, Azərbaycanın qələbəsinin, sülhün və mənəvi yüksəlişinin simvolu olub.
Dövlət başçısının Şuşaya hər səfəri, əslində, Azərbaycanın müasir dövlətçilik salnaməsinin canlı səhifəsidir. O səhifələrdə Şuşa təkcə bərpa olunan binalarla deyil, bərpa olunan ruhla da yenidən dirilib. Prezident İlham Əliyev bu şəhəri Qarabağ Zəfərinin tacına çevirməklə, həm də azadlıq ideyasını, milli qüruru və mədəni kimliyi gələcək nəsillərə əbədi miras qoyub.
Bu gün Şuşa dünya miqyasında azadlığın, yenidənqurmanın və mədəniyyətin unikal sintezini təmsil edir. Hər açılış, hər təməlqoyma, hər beynəlxalq görüş Azərbaycanın sarsılmaz iradəsini, dövlətin sistemli və uzaqgörən siyasətini təsdiqləyir. Şuşa artıq bərpa planlarının yox, qalib xalqın öz gələcəyini qurduğu məkandır. Bu məkanda ucalan hər bina, səslənən hər musiqi və dalğalanan üçrəngli Bayraq bir həqiqəti təsdiqləyir: Azərbaycan xalqı tarixini yalnız azad torpaqlarda yazır və bu tarixin mərkəzində Şuşa dayanır.
İndi Şuşa Azərbaycanın mədəni paytaxtı olmaqla yanaşı, həm də bir ideyanın, bir qələbənin, bir əzmin möhtəşəm rəmzidir. Prezident İlham Əliyevin ardıcıl səfərləri bu rəmzi möhkəmləndirir, Şuşanın və bütövlükdə Qarabağın hər daşına həyat, hər guşəsinə gələcək inamı gətirir. Şuşa bu gün Ulu Öndər Heydər Əliyevin arzuladığı kimi, böyük Azərbaycan ruhunun dirçəliş yeri, Qələbənin əbədi qalası kimi yaşayır.
Nigar Orucova, “İki sahil”