08 noyabr 2025 11:25
174

Şanlı tariximizin Zəfər səhifəsi

Vətən müharibəsinin Şuşa zirvəsi qarşıya qoyulan ən ümdə məqsədlərdən idi ki, başda Ali Baş Komandan olmaqla, müzəffər Azərbaycan Ordusu bunu bacardı. Dünya hərb tarixinə düşən əməliyyatı həyata keçirən Azərbaycan Ordusu düşmənin belə ağlına gəlməz yollardan istifadə edərək, sivil vətəndaşlara ziyan, zərər vurmadan prosesi yekunlaşdırdı və şanlı Azərbaycan bayrağını Şuşa qalası üzərinə asdı. 

Çətin cografi relyefi, keçilməz istehkamlar və sıldırım qayalarla əhatə olunan Şuşa əməliyyatı bir sıra özəllikləri ilə seçilir. Belə ki, Şuşanı hərbi texnika ilə azad ediləcəyini düşünən düşmən şəhərin əsas girişinə fokuslanmış olsa da sıldırım qayalardan şəhərə daxil olan Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurdu. Aparılan əməliyyatlar nəticəsində orada olan sivil vətəndaşlara heç bir zərər dəymədi. Uğurlu əməliyyatların fonunda düşmən ağ bayraq qaldırdı və nəticədə Moskvada 3 tərəfli bəyanat qəbul olundu. 

Dövlət başçısı İlham Əliyev də 44 günlük müharibə zamanı Şuşanın düşmən işğalından azad olunmasının müharibənin simvolu olduğunu bəyan etdi. Qeyd etdi ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.

Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. 

Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Hazırda qədim mədəniyyət beşiyi olan Şuşa işğaldan sonra yenə doğmalarını, qonaqlarını qarşılayır. Şuşada mədəni, beynəlxalq tədbirlər reallaşdırılır. Bütün bunlar isə Şuşanın bundan sonra Azərbaycanla yanaşı regionda da rolunun artacağını deməyə əsas verir.

Mətanət Səfərli, 

YAP Nəsimi rayon təşkilatının əməkdaşı