08 noyabr 2025 14:07
163

Zəfər Günü: Qələbədən sülhə, təhlükəsizliyə, sıx əməkdaşlığa aparan yol

“Azərbaycanın müasir tarixində elə bir gün yoxdur ki, 8 Noyabr -Zəfər Günü qədər milli qürur, dövlətçilik iradəsi və xalq birliyi ilə assosiasiya olunsun. Bu gün 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin, işğalın sona çatmasının və ərazi bütövlüyünün bərpasının rəmzidir”.

“İki sahil” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının üç onillik ədalətsizliyə son qoyduğu müqəddəs mübarizə idi: “Azərbaycan Ordusu müasir hərb tarixində analoqu az rast gəlinən əməliyyatlarla Ermənistan ordusunu darmadağın etdi, düşməni sarsıdıcı məğlubiyyətə uğradaraq torpaqlarımızı azad etdi. Bu müharibə yalnız işğalçı Ermənistan üzərində deyil, həm də dünya erməniliyinin və onu dəstəkləyən havadarların illərlə formalaşdırdığı saxta ideologiya və təxribatçı siyasət üzərində qələbə idi. Azərbaycan bu müharibə ilə ədaləti, beynəlxalq hüququ və tarixi həqiqəti bərpa etdi”.

Deputat əlavə edib ki,  8 Noyabr 2020-ci ildə Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin azad olunması müharibənin həlledici mərhələsi oldu: “Şuşa həm hərbi-strateji, həm də siyasi və mənəvi baxımdan qələbənin simvoluna çevrildi. Bu zəfərlə Azərbaycanın döyüş meydanında üstünlüyü rəsmiləşdi, Ermənistan kapitulyasiyaya məcbur edildi. Şuşanın azad edilməsi təkcə bir şəhərin qurtuluşu deyil, Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və milli iradənin təntənəsi idi. Şuşa qələbəsi həm də Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasını qoydu. Azərbaycan regionun gələcək təhlükəsizlik və əməkdaşlıq sisteminin mərkəzinə çevrildi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri Vətən müharibəsində başlanmış tarixi missiyanın tamamlanması idi. Azərbaycan bu əməliyyatla qanunsuz silahlı birləşmələri zərərsizləşdirdi, Konstitusiya quruluşunu bərpa etdi və dövlət suverenliyini tam şəkildə təmin etdi. Bu hadisə Vətən müharibəsinin siyasi yekunu olmaqla yanaşı, Azərbaycanın tam müstəqilliyinin və milli birliyinin parlaq ifadəsinə çevrildi”.

Azərbaycanın qarşısında duran əsas yeni missiyasının  bölgədə sülh, sabitlik, təhlükəsizlik arxitekturasını formalaşdırıb Cənubi Qafqazı əməkdaşlıq mərkəzinə çevrilməsi olduğunu deyən millət vəkili bildirib ki, qələbədən sonra Azərbaycan qisas yox, sülh gündəliyi ilə çıxış etdi: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda dayanıqlı sülh, təhlükəsizlik və inteqrasiya siyasəti həyata keçirilir. Azərbaycanın təklif etdiyi “sülh gündəliyi” artıq Cənubi Qafqazda yeni reallıqlar formalaşdırır. Müharibədə qalib gəlmiş dövlət bu gün sülh prosesinin də aparıcı tərəfi, regional əməkdaşlığın əsas təşəbbüskarıdır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan bu gün Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın mərkəzinə çevrilib. Bakı təşəbbüsləri regionu sülh, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimad məkanına çevirir. Azərbaycanın hədəfi aydındır - Cənubi Qafqazı sabitlik adasına və əməkdaşlıq qovşağına çevirmək. Bu istiqamətdə həyata keçirilən layihələr, diplomatik təşəbbüslər və sülh siyasəti Azərbaycanın strateji baxışını və liderlik mövqeyini bir daha təsdiqləyir. 8 Noyabr -Zəfər Günü təkcə bir hərbi qələbənin yox, dövlətçilik iradəsinin, xalq birliyinin və milli kimliyin təntənəsidir. Bu zəfər Azərbaycan tarixində yeni bir dövrün-qalib, suveren və sülhə xidmət edən dövlət dövrünün başlanğıcı oldu”.