09 noyabr 2025 11:14
96

Milli qürurumuz olan Dövlət Bayrağı xalqımızın Zəfər simvoluna çevrilib

9 Noyabr - Dövlət Bayrağı Günü milli yaddaşımızda və dövlətçilik tariximizdə xüsusi yerə malik olan əlamətdar gündür. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla bu tarix hər il Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, həmin gün rəsmi qeyri-iş günü elan edilmişdir. Bu qərar dövlət rəmzlərinə hörmət və ehtiramın, həmçinin milli ideologiyanın güclənməsinin mühüm ifadəsidir.

Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da qəbul edilmiş və Bakıda dalğalanmışdır. Bu bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olsa da, onun mənəvi gücü və istiqlal ideyası xalqın yaddaşına əbədi həkk olunmuşdur. Üç rəngin – mavi, qırmızı və yaşılın birləşməsi xalqımızın kimliyinin və ideoloji təməl prinsiplərinin təcəssümüdür. Türkçülük, müasirlik və islamçılıq prinsiplərinin müəllifi olan Əli bəy Hüseynzadənin yaratdığı bu ideya dövlətçilik fəlsəfəsinin əsasında dayanır. Bayrağımız bu gün də həmin dəyərlərin daşıyıcısı olaraq milli-mənəvi birliyin, azadlıq düşüncəsinin və müstəqilliyimizin simvoludur.

Müstəqilliyin bərpası ərəfəsində, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı statusunu aldı. Ulu Öndər bu addımı ilə xalqın milli azadlıq iradəsini hüquqi və siyasi səviyyədə təsdiqlədi. Elə bu qərarın təsiri ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul etdi. Ulu Öndər Heydər Əliyev sonralar bu hadisəni belə dəyərləndirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı”.

1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə üçrəngli bayraq müstəqil dövlətin əsas rəmzi kimi rəsmiləşdirildi. Beləliklə, 1918-ci ilin ideyası 1991-ci ildə yenidən reallığa çevrildi.

Azərbaycan Konstitusiyasının 75-ci maddəsində hər bir vətəndaşın dövlət rəmzlərinə - bayrağa, gerbə və himnə hörmət etməsi vəzifə kimi təsbit olunub. Dövlət bayrağına ehtiram həm qanunla qorunur, həm də vətəndaşlıq şüurunun mühüm göstəricisidir. 2004-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun bu sahədə hüquqi mexanizmləri təkmilləşdirərək, dövlət rəmzlərinin istifadəsini tənzimləyir.

Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə paytaxt Bakıda Dövlət Bayrağı Meydanının yaradılması dövlət rəmzlərimizin ucaldılması siyasətinin mühüm mərhələsi oldu. Meydanın açılışı 2010-cu il sentyabrın 1-də keçirildi, 9 noyabrda isə Dövlət Bayrağı Muzeyi fəaliyyətə başladı. Burada Azərbaycanın dövlətçilik tarixini əks etdirən yüzlərlə eksponat, qədim bayraqlar, xanlıqlar dövrünə aid atributlar və Vətən müharibəsinə həsr olunmuş “Zəfər qalereyası” yer alır. 2024-cü ilin noyabrın 8-də Meydan yenidən bərpa olunaraq fəaliyyətə başladı. Prezident İlham Əliyev Azərbaycan Bayrağını ucaldaraq dünyanın ən böyük bayrağının burada dalğalanmasını təmin etdi. Bu amillər həm tarixə hörmətin, həm də müasir gücün təntənəsidir.

44 günlük Vətən müharibəsi əldə edilən tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, üçrəngli bayrağımızın yenidən doğma torpaqlarda qürurla dalğalanmasına yol açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş şəhərlərə ilk səfərlərində bayrağın ucaldılması xalqın qəlbində milli qürur hissini daha da gücləndirdi. Azad edilmiş ərazilərimizdə dalğalanan bayraq millətin iradəsinin, dözümünün və mübarizliyinin təntənəsidir. Bayraq azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin rəmzidir, hər bir vətəndaşın mənəvi dünyasında qürur, Vətən sevgisi və məsuliyyət hissi formalaşdırır.

Heydər Əsədov,

Milli Məclisin deputatı