09 noyabr 2025 12:21
91

Qalib Azərbaycan Ordusu regionda sülhü yaradan, qoruyan və təmin edən əsas qüvvədir

Nadir Azəri: Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki bazası daim yenilənir, ən müasir silah-sursat və texnika ilə təmin olunur, şəxsi heyətin peşəkarlığı və döyüş hazırlığı isə gündən-günə yüksəlir

“Dünən Azərbaycan xalqı və dövləti üçün müqəddəs, qürurverici bir tarixin – 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin 5-ci ildönümünü qeyd etdik. Özü də bu bayramı təkcə Azərbaycan deyil, bütün türk dünyası qeyd etdi. Çünki 8 noyabr 2020-ci il, əsrlər boyu yaddaşlardan silinməyəcək bir gündür. Həmin gün Azərbaycan xalqı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, şəhid və qazilərimizin fədakarlığı sayəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad etdi. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də milli ruhun, birlik və həmrəyliyin, dövlət-xalq birliyinin təntənəsidir”.

Bunu “İki sahil”ə açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri deyib.

O, qeyd edib ki, bu Zəfər Türk dünyasında da şahlanış yaratdı: “Zəfərin 5-ci ildönümü, eyni zamanda, Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır. Bu gün biz o tarixi anları xatırlayaraq, qalib xalq olmağın qürurunu bir daha yaşayırıq. Eyni zamanda, Hər birimiz Azərbaycan Ordusu ilə qürur duyuruq, onunla fəxr edirik. Ordumuz bizim milli qürurumuz, dövlətçiliyimizin dayağı, xalqımızın güvən yeridir. Kimsəyə sirr deyil ki, Azərbaycan vətəndaşları olaraq biz hər zaman, hər şəraitdə ordumuzun yanında olmuşuq-istər Vətən müharibəsi dövründə, istər ondan əvvəl, istərsə də bu gün”.

CASCFEN sədri deyib ki, 44 günlük Vətən müharibəsində bu ordu yalnız düşmən üzərində qələbə qazanmadı, həm də bütün dünyaya nümunə olacaq bir tarix yazdı: “Elə bir tarix ki, bu qəhrəmanlıq salnaməsi illər boyu tədqiq olunacaq, hər bir azərbaycanlının qəlbində qürur mənbəyi kimi yaşayacaq. Çünki Azərbaycan Ordusu Vətən müharibəsində düşmənə ölümcül zərbə vuraraq torpaqlarımızı azad etdi və Azərbaycanın güclü dövlət olduğunu bir daha sübut etdi. Bu gün də ordumuz öz hərbi qüdrətini, texniki imkanlarını və döyüş hazırlığını daha da artırır. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki bazası daim yenilənir, ən müasir silah-sursat və texnika ilə təmin olunur, şəxsi heyətin peşəkarlığı və döyüş hazırlığı isə gündən-günə yüksəlir”.

N.Azərinin sözlərinə görə, Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad bir daha göstərdi ki, Azərbaycan Ordusu bu gün regionun ən qüdrətli və müasir ordularından biridir: “2020-ci ildə orduda cəmi 2000 nəfər xüsusi təyinatlı xidmət etdiyi halda, bu ilki paradda 4000 XTQ üzvünün iştirak etməsi bu sahədə görülən nəhəng işlərin bariz göstəricisidir. Qeyd etmək lazımdır ki, bu say həmin qüvvələrin ümumi sayının yalnız kiçik bir hissəsini təşkil edir. Paradda nümayiş olunan texnikalar isə ordumuzun silah arsenalının cüzi bir qismini əhatə edirdi, lakin bu qısa nümayiş belə Azərbaycan Ordusunun malik olduğu güc və imkanların miqyasını açıq şəkildə dünyaya nümayiş etdirdi”.

“Bu gün danılmaz bir reallıq var: Azərbaycan Ordusu regionda sülhü yaradan, qoruyan və təmin edən əsas qüvvədir. Artıq heç bir dövlət Azərbaycana qarşı ərazi iddiası irəli sürməyə, yaxud belə bir absurd düşüncəyə qapılmağa cəsarət edə bilməz. Bu, gücünü xalqın birliyindən, dövlətin siyasi iradəsindən və ordunun yenilməzliyindən alan müasir, qüdrətli Azərbaycanın reallığıdır. Azərbaycan Ordusu-qalib ordudur, sarsılmaz iradənin, xalq və dövlət birliyinin simvoludur”.