Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” çağırışı ilə hər il noyabrın 11-də təşkil olunan genişmiqyaslı ağacəkmə aksiyası artıq Azərbaycanda ənənəyə çevrilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “İki sahil”ə bildirib ki, bu il də Azərbaycan qardaş Türkiyənin bu təşəbbüsünü dəstəkləyir.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin bütün bölgələrini əhatə edəcək aksiya çərçivəsində 111 min 111 ədəd ağac əkiləcək. İnanırıq ki, əkilən ağaclar gələcəkdə geniş yaşıllıq sahələrinə çevrilərək, ətraf mühitə böyük töhfə olacaq”, – deyə İradə İbrahimova qeyd edib.
Nazirliyin sözçüsü, bu il noyabrın 11-i istirahət gününə düşdüyü üçün Azərbaycanda aksiyanın noyabrın 12-də keçiriləcəyini diqqətə çatdırıb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin və əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsindən başlanan ağacəkmə aksiyasına Türk Dövlətləri Təşkilatı ölkələrinin ölkəmizdəki səfirliklərinin nümayəndələri də qatılacaq. Müşfiqabadda 1 111 ədəd ağac əkiləcək”.