11 noyabr 2025 15:43
127

Ulu Öndər müstəqil və demokratik Azərbaycanın ilk Konstitusiyasının müəllifidir

1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın tarixində daha bir önəmli hadisə baş verdi.. Xalqımız referendum yolu ilə öz dövlətinin Əsas Qanununu- ilk Konstitusiyasını qəbul etdi. Xatırladaq ki, 1918-ci ilin mayında yaranan Azərbaycan Xalq Cümhuriyyəti Konstitusiya qəbul etməsə də, Milli Şurada qəbul edilmiş İstiqlaliyyət Bəyannaməsi onu əvəz edirdi. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyası ölkəmizi işğal etdi və tədricən sovetləşmə prosesinə başlanıldı. Beləliklə 1921-ci il mayın 19-da Bakıda keçirilən Azərbaycan SSR-in Birinci Sovetlər qurultayı Azərbaycan SSR-in birinci Konstitusiyasını qəbul etdi.  1937-ci il martın 14-də isə IX fövqəladə Azərbaycan Sovetlər qurultayı Azərbaycan SSR-in ikinci Konstitusiyasını təsdiq etdi. Bu Konstitusiya 1936-cı ildə qəbul edilmiş SSRİ Konstitusiyasının təkrarı idi. Azərbaycan SSR-in sonuncu Konstitusiyası 1978-ci il aprelin 21-də qəbul edildi. Bu Konstitusiyanın 73-cü maddəsinə görə Azərbaycan SSR-in dövlət dili Azərbaycan dili idi. Bu, o dövr üçün çox cəsarətli addım idi, çünki SSRİ-nin milli siyasətinin şovinist zəmində qurulduğu bir dövrdə respublikanın ali qanununa belə bir maddənin daxil edilməsi Sovet milli siyasətinin tələblərinə uyğun deyildi. Bu çətin vəzifənin öhdəsindən o zamanlar Azərbaycana rəhbərlik edən Heydər Əliyev gəldi. 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul edildi. Bu sənədə görə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunurdu. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsinin imzalandığı andan etibarsız olduğu göstərilirdi. 

Məhz müstəqil Respublikamızın ilk Konstitusiyasının layihəsini hazırlamaq üçün Prezident Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılmışdı. Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Yeni Ali Qanunumuz ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. kimi nailiyyətlər təsbit olunmuşdu. Artıq zaman Əsas Qanunumuzun nə qədər güclü, kamil və həyati sənəd olduğunu təsdiqləmiş və o, demokratik sənəd kimi özünü doğrultmuşdur. Bu möhkəm bünövrə üzərində ucalan dövlətçiliyimiz öz demokratik mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalanmış, xalqımız öz həqiqətlərini dünyaya bəyan etmək imkanı qazanmışdır.  

Ölkəmizdə demokratik dəyərlərin inkişafına yönəldilmiş bir sıra islahatlardan irəli gələn hüquqi öz əksini Konstitusiyada tapmalı idi. Bununla əlaqədar olaraq, Ulu Öndər Heydər Əliyevin Fərmanına əsasən 2002-ci il avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum keçirildi. Xalqın iradəsinin nəticəsi olaraq Konstitusiyada 24 dəyişiklik və əlavə edildi.  

Respublikamızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında qəhrəman ordumuzun həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdi. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olundu. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü elan edildi. 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyünü və süverenliyini bərpa edən Azərbaycanda 2024-cü il fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində prezident, sentyabrın 1-də isə parlament seçkiləri keçirildi. Son illər sürətli və dinamik inkişaf yolu keçən, tarixi nailiyyətlər əldə edən Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ilk dəfə bütün ölkə ərazisində keçirilən prezident seçkiləri çox mühüm tarixi məqamları ilə yadda qaldı. 

Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti nəticəsində postmüharibə dövründə Qarabağ Zəfəri siyasi-diplomatik müstəvidə daha da möhkəmləndirildi, əsas hədəflərə nail olundu. Azərbaycanın hərbi qüdrəti artırıldı.  Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri daha da sürətləndirildi. Zəngilana, Füzuliyə, Laçına, Şuşaya. Kəlbəcərə, Cəbrayıla, Ağdama və Xocalıya keçmiş məcburi köçkünlərin mərhələli qayıdışının təmin olunması istiqamətində işlər uğurla davam etdirildi. Məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də xalqımızın milli kimliyini və birliyini ifadə edir.

Nazimə Şamıyeva,

YAP Füzuli rayon təşkilatının sədri