12 noyabr 2025 11:25
70

BDYPİ: Yolda sürət məsafəni yox, həyatı qısaldır!

Yollarda baş verən ağır nəticəli qəzalara səbəb olan əsas amillərdən biri yüksək sürətdir. Müşahidələr göstərir ki, sürət həddinin aşılması nəticəsində baş verən qəzaların bir çoxu faciəvi sonluqla bitir.

“İki sahil” xəbər verir ki, bu barədə BDYPi-nin sürücülərə müraciətində deyilir.

Sürət həddinin müəyyən edilməsində məqsəd nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Hər bir yol sahəsi üçün müəyyən edilən sürət limiti həm yolun texniki xüsusiyyətləri, həm də təhlükəsizlik tələbləri nəzərə alınmaqla müəyyən olunur. Lakin bəzi sürücülər bu qaydaları pozaraq, yüksək sürətlə hərəkət etməklə təkcə öz həyatlarını deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atırlar.

Unutmaq olmaz ki, yüksək sürətlə hərəkət zamanı sürücünün reaksiyası üçün tələb olunan vaxt azalır, tormoz məsafəsi isə əksinə, bir neçə dəfə artır. Bu isə qəzanın qarşısını almağı demək olar ki, mümkünsüz edir. Nəticədə bir anlıq ehtiyatsızlıq bəzən bir ailənin faciəsinə çevrilir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə bir daha müraciət edərək, sükan arxasında məsuliyyətli davranmağa, sürət həddinə və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.