12 noyabr 2025 14:55
95

Suveren dövlətçiliyimizin hüquqi dayağı

Azərbaycan xalqı tarix boyu öz dövlətçiliyinə, suverenliyinə və milli kimliyinə böyük sədaqət göstərmiş, müstəqillik yolunda ağır sınaqlardan keçərək dövləti üçün möhkəm təməllər qurmuşdur. Bu müqəddəs ənənənin davamı kimi, 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü xalqımızın milli iradəsinin rəmzi, azadlıq və suverenlik idealının parlaq təcəssümü olaraq dövlətçilik salnaməmizdə mühüm yer tutur. 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə məhz həmin ideyaların daha da ucaldılmasının, Konstitusiyanın dövlət həyatımızdakı aparıcı rolunun vurğulanmasının bariz ifadəsidir.

Qeyd edək ki, Azərbaycan xalqı heç zaman öz dövlətçilik iddiasından, azad yaşamaq iradəsindən vaz keçməmiş, hər zaman hüquqa, ədalətə və milli suverenliyə sədaqət nümayiş etdirmişdir. XX əsrin müxtəlif mərhələlərində ölkənin konstitusiya quruluşunun təşəkkülü bu iradənin hüquqi müstəvidə ifadəsi olmuşdur. Sovet hakimiyyəti dövründə qəbul edilən konstitusiyalar arasında 1978-ci il aprelin 21-də təsdiq edilmiş Azərbaycan SSR-in Konstitusiyası xüsusi tarixi mərhələ təşkil etmişdir.

Lakin müstəqillik arzusu xalqımızın qan yaddaşında hər zaman yaşayırdı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə xalq öz tarixi taleyinin sahibi kimi yeni inkişaf səhifəsi açdı. Bu məsuliyyətli dövr milli hüquqi dövlətin qurulmasını, müstəqil konstitusiya yaradılmasını zəruri edirdi.

Tarix sübut etdi ki, müstəqil Azərbaycan dövlətinin möhkəm hüquqi əsaslara söykənməsi üçün böyük lider zəkasına ehtiyac var idi. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyasının fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi.

Bu tarixi hadisə Azərbaycan dövlətinin suveren iradəsini, xalqın azad və müstəqil gələcək yolunu seçdiyini, hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmaq əzmini, milli birliyi və dövlətçilik idealını dünya qarşısında bəyan etdi.

Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri olmaqla, dövlətimizin müasir inkişaf strategiyasının əsasını qoydu.

Azərbaycan Respublikasının Konstitusiyası müasir dövrün hüquqi dövlət meyillərini özündə cəmləşdirərək insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər səviyyəsinə qaldırmışdır. Sənəddə təsbit edilən hüquqlar və onların müdafiə mexanizmləri ölkədə demokratik siyasi mühitin formalaşmasına, vətəndaşların dövlətə etimadının artmasına mühüm töhfə verir.

Konstitusiyaya müxtəlif illərdə referendum yolu ilə edilən dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsinin gücləndirilməsi və hüquqi-siyasi islahatlara uyğunlaşmanın təmin edilməsi məqsədi daşıyır. Bu dəyişikliklər dövlətin dayanıqlı inkişaf kursuna xidmət etmiş, Konstitusiyanı zamanın çağırışlarına cavab verən çevik hüquqi sənədə çevirmişdir.

Bu gün Azərbaycan dövləti güclü siyasi iradəyə, möhkəm iqtisadi əsaslara, müasir orduya və milli həmrəyliyə söykənən möhkəm dövlətçilik fəlsəfəsinə malikdir. Dövlətin strateji fəaliyyət istiqamətləri Konstitusiyada təsbit olunmuş prinsiplərə əsaslanır və hüquqi dövlət modelinin inkişafını təmin edir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, dövlət suverenliyinin tam təmin olunması Konstitusiyanın təsbit etdiyi fundamental prinsiplərin real həyatda təntənəsidir. Bu, həm tarixi ədalətin bərpası, həm də milli dövlət quruculuğunun ən böyük nailiyyətlərindən biri kimi Konstitusiya ideallarının yüksəlişidir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, eləcə də “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis olunması milli dövlətçilik tariximizin, suverenlik ənənəmizin və Konstitusiya irsimizin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Bu il Konstitusiyanın mahiyyətinə, onun dövlət və cəmiyyət həyatındakı əvəzsiz roluna dair maarifləndirmənin genişləndirilməsinə, gənc nəslin hüquqi və vətənpərvərlik tərbiyəsinə, milli dövlətçilik dəyərlərinin daha möhkəm təbliğinə mühüm töhfələr verəcək.

Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçiliyimizin hüquqi, siyasi və ideoloji dayağı olmaqla, müstəqil Azərbaycan dövlətinin davamlı inkişafını təmin edən əsas sənəddir. Onun qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin dərin dövlətçilik zəkasının, müstəqil dövlət quruculuğu strateji xəttinin və xalqın gələcəyinə yönəlmiş siyasi iradəsinin təntənəsidir.

Konstitusiya Günü və “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər həm tarixi yaddaşın qorunmasına, həm də hüquqi dövlət institutlarının daha da möhkəmləndirilməsinə xidmət edir. Bu ali sənəd Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü, insan hüquq və azadlıqlarını, demokratik inkişaf yolunu təmin edən milli hüquq sistemimizin mərkəzi sütunu kimi dövlət və cəmiyyət həyatında əvəzsiz rol oynamaqda davam edir.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri