13 noyabr 2025 01:26
82

Əsas Qanunumuz, ali iradənin və milli birliyimizin təcəssümü

12 Noyabr Konstitusiya Günü müasir Azərbaycanın siyasi və mənəvi dayağına çevrilib

Azərbaycanın dövlətçilik tarixində Konstitusiya anlayışı təkcə hüquqi sənəd kimi deyil, milli suverenliyin, xalqın iradəsinin və dövlət müstəqilliyinin ali ifadəsi kimi qəbul edilir. Əsrlər boyu xalqın müstəqil dövlət qurmaq arzusu nəhayət XX əsrin əvvəllərində gerçəkliyə çevrildi. 1918–1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli azadlıq ideallarının ən parlaq ifadəsi oldu. Lakin bu dövrdə, qısa zaman ərzində dövlətin Əsas Qanununu - Konstitusiyasını qəbul etmək mümkün olmadı. Bununla belə, Cümhuriyyətin qəbul etdiyi qanunvericilik aktları və siyasi qərarlar gələcək konstitusiya düşüncəsinin bünövrəsini qoydu.

Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ dönəminə təsadüf edir. İlk Konstitusiya 1921-ci il mayın 19-da I ÜmumAzərbaycan Sovetlər Qurultayında qəbul edildi. Bu sənəd həmin dövrün siyasi reallıqlarına uyğun olsa da, milli dövlətçilik prinsiplərindən çox sovet ideologiyasının tələblərini əks etdirirdi. SSRİ-nin yaradılması ilə əlaqədar olaraq 1925-ci il martın 14-də IV ÜmumAzərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olundu. Ardınca, 1927-ci il martın 26-da qəbul edilən növbəti Konstitusiya sənədi sovet sisteminin təsiri altında formalaşmışdı.

1936-cı ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunduqdan sonra Azərbaycan SSR-in də yeni Əsas Qanunu 1937-ci il martın 14-də IX ÜmumAzərbaycan Sovetlər Qurultayında təsdiqləndi. Bu Konstitusiya formal olaraq muxtar respublika kimi Azərbaycanın dövlət atributlarını müəyyənləşdirsə də, real mənada respublikanın suveren hüquqlarını təmin etmirdi. Hər bir hüquqi və siyasi qərar mərkəzdən idarə olunan sistemin çərçivəsində verilirdi.

Tarixi baxımdan mühüm mərhələlərdən biri 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-in sonuncu Konstitusiyası idi. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra Azərbaycan SSR-də də yeni layihə hazırlanmışdı. Həmin layihə üzrə 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyev dövlətçilik baxımından mühüm bir təşəbbüslə çıxış etdi. Onun təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada təsbit olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu, sovet totalitar ideologiyası şəraitində böyük siyasi cəsarət tələb edən tarixi qərar idi. Ulu Öndərin uzaqgörənliyi nəticəsində ana dilimiz dövlət dili statusu qazandı və milli kimliyimizin hüquqi əsasları konstitusiya səviyyəsində qorundu.

1980-ci illərin ikinci yarısından etibarən həmin Konstitusiyaya müxtəlif əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklər əsasən sovet sisteminin tədricən zəifləməsi, İttifaq respublikalarında milli şüurun yüksəlişi və demokratik islahat tələblərinin artması ilə bağlı idi. 1991-ci il 18 oktyabrda “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulundan sonra 1978-ci il Konstitusiyası yalnız həmin Aktla ziddiyyət təşkil etməyən hissələrdə qüvvədə saxlanıldı.

Müstəqilliyin bərpası ilə Azərbaycan xalqı öz tarixi yoluna - milli dövlətçilik yoluna qayıtdı. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdəki hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə dərin siyasi böhran, anarxiya və idarəçilik iflici baş verdi. Dövlət mexanizmləri dağılmış, hüquq və azadlıqların qorunması təmin edilməmişdi.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. Onun böyük xilaskarlıq missiyası ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, dövlət institutlarının bərpasına və müasir dövlət quruculuğunun başlanğıcına çevrildi. Ulu Öndər deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”

Bu fikirlər yalnız bir hüquqi sənədin deyil, bütöv bir dövrün ideoloji bünövrəsini müəyyənləşdirdi. Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Konstitusiya Komissiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasının layihəsini hazırladı. 1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbulunun lehinə səs verdi. Dövlətin Əsas Qanunu həmin ilin noyabrın 27-də qüvvəyə mindi.

Yeni Konstitusiya Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. O, müstəqil dövlətin hüquqi, siyasi və mənəvi əsaslarını müəyyənləşdirdi. Ümummilli Liderin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə 12 noyabr “Azərbaycan Respublikasının Konstitusiyası Günü” elan edildi, 1996-cı il 1 noyabr Fərmanı ilə bu günün ölkə miqyasında təntənəli şəkildə qeyd edilməsi qərara alındı.

Konstitusiyanın qəbulu Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri idi. Bu sənəd müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafın hüquqi təminatını yaradan, siyasi, sosial, mədəni və iqtisadi islahatların istiqamətini müəyyən edən əsas sütun rolunu oynadı. Konstitusiya dövlətin sabit inkişafını, idarəetmədə şəffaflığı və hüququn aliliyini təmin edən möhkəm baza yaratdı.

Müstəqil Azərbaycanın Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlətin qurulması üçün hüquqi çərçivə rolunu oynadı. O, hakimiyyət bölgüsü prinsipini təsbit etdi, insan hüquqlarını və azadlıqlarını dövlətin ali dəyəri kimi müəyyənləşdirdi. Əsas Qanunun 48 maddəsi birbaşa insan hüquq və azadlıqlarına həsr olundu. Bu, həm beynəlxalq hüququn, həm də milli dəyərlərin harmoniyasını əks etdirirdi. Azərbaycan Respublikasında dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlara malik olması Konstitusiya ilə təmin edildi.

Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri də nəzərə alındı. Onun qəbulundan sonra Azərbaycanda yeni hüquqi institut – Konstitusiya ədalət mühakiməsi sistemi yaradıldı. 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Qanunun qəbul edilməsi və 1998-ci il iyulun 18-də Ulu Öndərin imzaladığı Fərmanla bu məhkəmənin fəaliyyətə başlaması hüquqi dövlət prinsiplərinin praktik həyata keçirilməsinin simvoluna çevrildi.

Dövlətin Əsas Qanunu həm də strateji istiqamətləri müəyyənləşdirdi. Konstitusiyada dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətini inkişaf etdirmək, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət qurmaq və bazar iqtisadiyyatı münasibətlərini formalaşdırmaq kimi əsas vəzifələr öz əksini tapdı. Bu prinsiplər müasir Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərinin ideoloji xəttini təşkil edir.

Konstitusiyamız mövcud olduğu 30 il ərzində zamanın tələblərinə uyğun təkmilləşdirildi. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlarla Konstitusiyada dəyişikliklər edildi. 2002-ci ildə 24 maddədə 29 dəyişiklik, 2009-cu ildə isə 25 maddəyə 30-dan çox əlavə olundu. Bu dəyişikliklər sosial dövlət prinsiplərinin möhkəmləndirilməsinə, vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsinə yönəldi. 2016-cı ildə edilən 41 əlavə və dəyişiklik idarəetmə sisteminin yenilənməsi, insan hüquqları və azadlıqlarının təminatının gücləndirilməsi baxımından yeni mərhələ oldu. Məhz həmin dəyişikliklərlə Birinci vitse-prezidentlik institutu yaradıldı və bu addım dövlət idarəçiliyində çeviklik, məsuliyyət və funksional səmərəlilik yaratdı.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın aliliyi və hüquqi dövlət prinsipləri yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət başçısının həyata keçirdiyi islahatlar, hüquq sisteminin təkmilləşdirilməsi və demokratik institutların inkişafı Heydər Əliyev siyasi xəttinin məntiqi davamıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı bu sənədin milli dövlətçilik tarixində oynadığı mühüm rola verilən yüksək qiymətin ifadəsidir.

2020-ci ildə Vətən müharibəsində əldə edilmiş tarixi Qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası Konstitusiyanın real həyatdakı gücünü və prinsipial əhəmiyyətini bir daha təsdiqlədi. Ərazi bütövlüyünün bərpası ilə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütün ərazilərdə bərqərar oldu. Bu tarixi hadisənin və Konstitusiyanın qəbulunun 30 illiyinin əlamətdar hadisənin 5 illiyinə təsadüf etməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azırabaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar həm tarixə hörmət, həm də gələcəyə yönəlik siyasi iradənin ifadəsidir. "Konstitusiya və Suverenlik İli" təkcə bir yubiley mərasimi deyil, Azərbaycan dövlətçiliyinin ideya və hüquqi dayaqlarının möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və qanunun aliliyinin təminatı istiqamətində yeni mərhələnin başlanğıcıdır.

Müstəqil Azərbaycanın 30 illik Konstitusiya tarixi sübut edir ki, bu sənəd yalnız hüquqi mətn deyil, xalqın azadlıq iradəsinin, milli birliyinin və müstəqilliyinin rəmzidir. Bu gün Azərbaycan dövləti xalqının milli maraqlarını rəhbər tutaraq Konstitusiyanın prinsiplərinə sadiq qalır, yeni reallıqlar şəraitində suveren siyasətini daha prinsipial və qətiyyətli şəkildə həyata keçirir.

Konstitusiya – dövlətin dirəyi, millətin hüquqi azadlığının təminatı və suverenliyin bünövrəsidir. O, keçmişin təcrübəsini, bu günün gerçəkliklərini və gələcəyin inamını birləşdirən ən möhkəm hüquqi sənəddir. Azərbaycan xalqı üçün bu sənəd yalnız dövlət idarəetmə aktı deyil, həm də müstəqilliyin mənəvi məbədi, milli birliyin simvoludur.

Nigar Orucova, “İki sahil”