Min illər boyu olduğu kimi, bu gün də ən yaxşı yatırım qızıldır
2025-ci ildə qızılın bir unsiyası tarixi maksimuma çataraq təqribən 4200 ABŞ dollarına təklif olunub. Bu isə qızıl ehtiyatı çox olan ölkələr üçün yeni qazanc mənbəyinə çevrilib.
WGC-nin (World Gold Council) məlumatlarına əsasən, 2024-cü ildə dünyada 3,7 min ton qızıl hasil olunub ki, bu da əvvəlki illə müqayisədə cəmi 0,6 faiz çoxdur. Qızıl hasilatında liderlik Çinə məxsusdur. Bu ölkə 10,4 faizlik payla 380,2 ton qızıl istehsal edib. Əhəmiyyətli həcmlər, həmçinin Rusiyanın (330 ton), Avstraliyanın (284 ton) və Kanadanın (202,1 ton) payına düşür. lk onluğa, həmçinin ABŞ (158 ton), Qana (140,6 ton), Meksika (140,3 ton), İndoneziya (140,1 ton), Peru (136,9 ton) və Özbəkistan (129,1 ton) daxil olub.
WGC-nin məlumatına görə, Qazaxıstan 87 ton hasilatla 14-cü yeri tutub. Qeyd edək ki, bu göstəricilər «Metals Focus» metodologiyasına əsaslanır və burada «refined» (xammal) və ya «paid gold» nəzərə alınır. Başqa sözlə, söhbət qızıl filizinin və ya yarımfabrikatların kütləsindən yox, emal olunmuş və affinaja ən yaxın vəziyyətdə olan metaldan gedir.
MDB ölkələrinin ötən ilki ümumi payı 14,2 ton təşkil edib ki, bu da 2023-cü ilin nəticələri ilə müqayisədə 11,9 faiz azdır. WGC-ə görə, Qazaxıstanda və Qırğızıstanda qızıl hasilatı müvafiq olaraq 1,3 faiz və 7,5 faiz azalıb. Rusiyada və Özbəkistanda isə əksinə, hasilat 2,6 faiz və 7,9 faiz artıb.
Bu arada qızılın qiyməti tarixi rekordları yeniləməyə davam edir: 2025-ci ilin sentyabr ayının sonuna bir troy unsiyası 4,2 min dollara çatıb. Qeyd etmək lazımdır ki, ilin əvvəlində bir troy unsiyasının qiyməti 2,6 min dollardan bir qədər çox idi. Demək olar ki, 50 faizlik bahalaşma qlobal geosiyasi qeyri-sabitlik, hərbi xərclərin artması və investorların riskli aktivlərdən qoruyucu aktivlərə yönəlməsi ilə bağlıdır.
Belə bir fikir var ki, idarə olunan fiziki qızılın həcmi dövlətin real çəkisini və suverenliyini əks etdirir. Təsadüfi deyil ki, 1930-cu illərdə Franklin Ruzvelt bütün dünyadan, o cümlədən SSRİ-dən qızıl alaraq ABŞ-ın qızıl ehtiyatlarını artırırdı.
Maraqlıdır ki, G7 ölkələrinin qızıl ehtiyatlarının əhəmiyyətli hissəsi, xüsusən də Almaniya və İtaliya qızılları bu gün də Nyu-Yorkdakı Federal Ehtiyat Bankının anbarında yerləşir və faktiki olaraq ABŞ dövlətinin nəzarətindədir.
Digər tərəfdən, maraqlıdır ki, Amerika öz milli qızıl ehtiyatlarını Kentukkidəki Fort Knox hərbi bazasında saxlamağa üstünlük verir.
Həmçinin qızıl ehtiyatlarının son aylarda ləng artması diqqət çəkir. Hazırda qızıl bazarında ən fəal oyunçu Çindir. Bu ölkə cari ilin son 3 ayında cəmi 78 ton və ya ABŞ ehtiyatlarının 0,1 fıaizdən azını qızıl formasında əldə edib. Beləliklə, WGC-ən çox qızıl ehtiyatı olan 11 ölkənin siyahısını təqdim edib. Bunlar ABŞ: 8,133 ton, Almaniya: 3,353 ton, İtaliya: 2,452 ton, Fransa: 2,437 ton, Rusiya: 2,333 ton, Çin: 2,192 ton, İsveçrə: 1040 ton, Yaponiya: 847 ton, Hindistan: 801 ton, Hollandiya: 612 ton, Türkiyə: 479 tondur.
O da məlumdur ki, 2024-cü ildə ən çox qızıl almış ölkələrin adı açıqlanıb. Azərbaycan bu cədvəldə 5-ci yerdədir. Ümumdünya Qızıl Şurası tərəfindən qeyd edilib ki, ölkəmizin qızıl alışlarını Azərbaycan Mərkəzi Bankı deyil, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) reallaşdırıb. Ümumdünya Qızıl Şurasının EMEA üzrə baş analitiki Krişan Qopaul sosial media paylaşımında bildirib ki, ARDNF 2024-cü ilin son rübündə daha 20 ton qızıl alıb və bununla da 2024-cü il üçün qızıl alışını 45 tona çatdırıb. «2024-cü ilin sonunda Azərğaycanın ümumi qızıl ehtiyatları 147 ton təşkil edib ki, bu da onun investisiya portfelinin 21 faizini təşkil edir (2023-cü ilin sonunda bu göstərici 12 faiz idi),» - Gopaul bildirib.
Qızıl haqqında daha bir önəmli xəbər isə odur ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 238 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bununla da ölkəmiz qızıl ixracından gəlirini ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çox artırıb. Təkcə sentyabrda isə Azərbaycan 27,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvəlinə nisbətən 45,75 faiz çoxdur. Ümumilikdə isə cari ilinin 9 ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.
Elçin Zaman, «İki sahil»
Sosial-iqtisadi inkişaf Strategiyası üzrə 2026-cı ilə dair indikativ planlaşma görüşləri başa çatıb
“Enterprise Azerbaijan” portalının “Startup School 3” finalçıları “Demo Day” mərhələsinə hazırlaşır
Metyu Brayza: Azərbaycanın yaşıl enerji, nəqliyyat və mədənçilik sahələri ABŞ investorları üçün yeni imkanlar açır ŞƏRH