Bişkek meriyası Qırğızıstanın "Sükut haqqında" qanununun icrası çərçivəsində paytaxtda bütün əyləncə obyektlərinin fəaliyyətinin yerli vaxtla saat 22:00-a qədər məhdudlaşdırıldığını açıqlayıb.
“İki sahil” Qırğızıstan KİV-ə istinadla xəbər verir ki, yeni göstərişə əsasən, kafe, restoran, bar, klub, banket zalları və digər müəssisələrin rəhbərlərinə bütün bayram və mədəni-əyləncə tədbirlərinin keçirilməsini dayandırmaq və obyektlərin fəaliyyətini göstərilən vaxtdan gec olmayaraq başa çatdırmaq tapşırılıb.
Bundan əlavə, saat 22:00-dan sonra bütün enerji tutumlu cihazların, o cümlədən elektrik plitələrinin, qızdırıcıların və sobaların söndürülməsi tələb olunur. Yüksək səsli musiqi və parlaq işıqlandırma ilə tədbirlərin keçirilməsi də qadağandır.
Elektrik generatorlarından yalnız yaşayış binalarından uzaqda yerləşən obyektlərdə, qanunun tələblərinə riayət olunmaqla istifadə edilməsinə icazə verilir.
Rayon administrasiyaları və bələdiyyə müfəttişliyi birlikdə bu göstərişin icrasına nəzarət edəcək və mütəmadi reydlər keçirəcəklər.