ABŞ və Argentina ticarət əlaqələrini gücləndirmək və iqtisadiyyatlarına investisiyaları artırmaq barədə razılığa gəliblər.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda bildirilib.
Sənəddə bildirilir ki, daha güclü və balanslı tərəfdaşlıq naminə ABŞ və Argentina ikitərəfli ticarət və investisiya əməkdaşlığını gücləndirmək üçün çərçivə sazişi barədə razılığa gəliblər.
Tərəflər Argentinanın müəyyən əczaçılıq məhsulları, kimyəvi maddələr, maşınqayırma, informasiya texnologiyaları məhsulları, tibbi cihazlar, avtomobillər və geniş çeşiddə kənd təsərrüfatı məhsulları da daxil olmaqla, Amerika məhsulları üçün öz bazarlarına güzəştli giriş təmin edəcəyini razılaşdırıblar. Bunun müqabilində ABŞ əczaçılıqda istifadə olunan müəyyən nadir minerallar və patentləşdirilməmiş maddələr üzrə qarşılıqlı tarifləri ləğv edəcək.
Bəyanatda vurğulanır ki, ABŞ və Argentina həmçinin kritik minerallara investisiya və ticarəti artırmağı razılaşdırıblar. Bundan əlavə, Argentina ABŞ ilə ticarətdə çoxsaylı qeyri-tarif maneələrini aradan qaldırmağa, beynəlxalq ticarət standartlarını tətbiq etməyə və əqli mülkiyyət oğurluğuna qarşı mübarizə aparmağa öhdəlik götürüb. Digər məsələlərlə yanaşı, müqavilələrdə Argentinanın üçüncü ölkələrin qeyri-bazar təcrübələrinə qarşı mübarizə aparmaq üçün ABŞ ilə əməkdaşlığı gücləndirəcəyi və meşələrin məhvi ilə mübarizə üçün tədbirlər görəcəyi nəzərdə tutulur.